Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB) artan inflyasiyaya qarşı apardığı aqressiv siyasətin təsiri ilə 2024-cü ildə rekord məbləğdə zərər açıqlayıb.
Banco.az xəbər verir ki, 2024-cü ildə inflyasiya ilə mübarizə məqsədilə həyata keçirdiyi siyasətlər Avropa Mərkəzi Bankına (ECB) zərər kimi qayıdıb.
Bankın borclanma xərclərinin aşağı olduğu dövrdə buraxılan istiqrazlardan əldə edilən gəlirlərin faiz xərclərindən az olması səbəbindən ECB 2024-cü ildə 7,9 milyard avro dəyərində rekord zərər qeydə alıb.
ECB-nin açıqlamasında bu zərərin uzun illər ərzində əldə edilən mənfəət dövrlərindən sonra baş verdiyinə diqqət çəkilərək bunun Avrosistemin qiymət sabitliyini qorumaq kimi əsas vəzifəsini yerinə yetirmək üçün tələb olunan siyasət tədbirlərinin nəticəsi olduğu vurğulanıb.
Xatırladaq ki, 2023-cü ildə bankın risk ehtiyatları ilə birlikdə zərəri 6,6 milyard avro təşkil etmişdi. Ümumi zərər isə 9,21 milyard avro səviyyəsində qeydə alınmışdı.
Bank yenidən dəyərləndirmə hesablarına və kapitalına istinad edərək maliyyə mövqeyinin güclü olduğunu bildirib. Bu hesablamaya görə, 2024-cü ilin sonunda ümumi məbləğ 59 milyard avroya çatıb. Bankın qızıl ehtiyatlarının yenidən dəyərləndirilməsindən isə 10 milyard avro dəyərində töhfə əldə edilib.
Sözügedən balans hesabatı ilə bağlı ECB İdarə Heyətinin üzvü İzabel Şnabel bu vəziyyətin etibarlılıq baxımından mənfi təsir göstərə biləcəyini, lakin mərkəzi bankların mənfəət məqsədi güdən qurumlar olmadığını vurğulamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!