Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Kosmik Agentliyi və “Solsys” Ayda bitki yetişdirmək üçün hidroponik əkinçilikdən istifadə edəcək.
Banco.az xəbər verir ki, kosmosu araşdırmaq üçün 1975-ci ildə qurulan Avropa Kosmik Agentliyi (ESA) bir müddətdir Ayın səthində bitki yetişdirməyi mümkün edəcək layihə üzərində işləyir.
Kosmik kənd təsərrüfatı üçün texnologiyalar istehsal edən texnologiya şirkəti “Solsys Mining”in rəhbərlik etdiyi layihə Ay torpağını hidroponik kənd təsərrüfatında (torpaqsız kənd təsərrüfatı) istifadə etmək üçün bir növ gübrəyə çevirə biləcək bir üsul hazırlamağa çalışır.
Məlum olduğu kimi, Ayın səthində tapılan, reqolit kimi tanınan qaya və toz hissəcikləri təbəqəsi bitkilərin inkişafı üçün zəruri olan qida maddələrinin çoxu ilə zəngin olsa da, su çatışmazlığı səbəbindən toxumların burada sağlam kök sistemi əmələ gətirmə ehtimalı azdır. Hidroponik əkinçilikdə isə bitki yetişdirmə mərhələlərində torpaqdan istifadə edilmir və bitkilər maye mühitdə xüsusi mineral məhlullarla qidalanır.
Qeyd edək ki, 2022-ci ilin dekabrında start verilən layihənin bir il çəkəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!