Avropa İttifaqının Rusiyadan enerji idxalı ikinci rübdə də azalıb | Banco.az

Avropa İttifaqının Rusiyadan enerji idxalı ikinci rübdə də azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) Rusiyadan neft və təbii qaz idxalı ilin ikinci rübündə azalmağa davam edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2023-cü ilin ikinci rübü üzrə Aİ-yə üzv 27 ölkənin ümumi enerji idxalı ilə bağlı məlumatları dərc edib.

Məlumatlar göstərir ki, 2021 və 2022-ci illərdə sürətlə artan Aİ-nin enerji idxalı 2023-cü ilin birinci və ikinci rübündə azalıb.

Aİ-nin enerji idxalının ümumi dəyəri bu ilin ikinci rübündə 2022-ci ilin eyni rübü ilə müqayisədə 39,4 faiz, xalis kütləsi isə 11,3 faiz azalıb.

Ötən ilin birinci rübündə 15,9 faizlə Aİ-nin neft məhsulları tədarükündə birinci yerdə olan Rusiyanın payı isə bu ilin eyni dövründə 2,7 faizə düşüb. Sözügedən dövrdə neft məhsulları idxalında Norveçin payı 13,7 faiz, ABŞ-ın payı 13,6 faiz, Qazaxıstanın payı 10,2 faiz, Səudiyyə Ərəbistanının payı isə 9 faizə çatıb.

Bununla yanaşı, ötən ilin ikinci yarısında Rusiyanın təbii qaz idxalındakı payı 28,3 faiz olduğu halda, cari ilin ikinci rübündə bu göstərici 13,8 faizə enib. Həmin dövrdə Aİ-nin boru kəməri ilə qaz idxalında ilk yeri 44,3 faizlə Norveç tutub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram