Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Covid-19 səbəbilə tətbiq edilən səyahət məhdudiyyətlərinin şamil edilməyəcəyi ölkələrin siyahısını növbəti dəfə yeniləyib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa Konqresindən edilən açıqlamaya görə, Aİ ölkələrinin turistik səfərlər üzrə səyahət məhdudiyyətləri tətbiq etmədiyi ölkələrin siyahısına İndoneziya əlavə olunub.
Hazırda sözügedən siyahıya Argentina, Avstraliya, Bəhreyn, Kanada, Çili, Kolumbiya, İndoneziya, İordaniya, Küveyt, Namibiya, Yeni Zelandiya, Peru, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay və Tayvan daxildir. Bununla yanaşı, Aİ ölkələrinin vətəndaşlarına səyahət icazəsi veriləcəyi təqdirdə Çin ilə də sərhədlər açıq olacaq.
Qeyd edək ki, hər iki həftədən bir yenilənən bu siyahıdakı ölkələrdən Avropa İttifaqına üzv ölkələrə turistik səfərlərə icazə verilsə də, PCR testi və karantin kimi bəzi tədbirlər də tətbiq edilə bilir. Siyahıda olmayan ölkələr üzrə isə səyahət məhdudiyyətləri davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!