Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) nağd ödənişləri məhdudlaşdıracaq.
Banco.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlar nəticəsində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün maliyyə sisteminə sərt qaydalar gətirəcək yeni tənzimləmə paketi üzrə razılığın əldə edildiyini açıqlayıb.
Belə ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsindən qorunmaq üçün Aİ maliyyə sisteminin hüquqi bazası gücləndiriləcək.
Aİ daxilində maliyyə qaydaları uyğunluq təşkil edəcək. Cinayətkarlar tərəfindən qanunsuz gəlirlərin yuyulması və ya maliyyə sistemi vasitəsilə terrorizm fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan boşluqlar aradan qaldırılacaq. Bu sahədə üzv ölkələrin maliyyə qurumları arasında əməkdaşlıq artırılacaq.
Cinayətkarlar tərəfindən çirkli pulların yuyulmasını çətinləşdirmək üçün Aİ ölkələrində böyük məbləğdə nağd ödənişlər qadağan ediləcək. Buna görə, Aİ ölkələrində 10 min avrodan çox nağd ödənişləri həyata keçirmək mümkün olmayacaq. Üzv ölkələr 10 min avrodan aşağı nağd ödənişlər üçün limitlər təyin edə biləcəklər.
Banklar, daşınmaz əmlak agentlikləri, aktivlərin idarə olunması xidmətləri, kazinolar, tacirlər, zərgərlər və kriptovalyuta xidmətləri təminatçıları kimi müxtəlif öhdəlikli qurumlardan 3 min avro ilə 10 min avro arasında tez-tez nağd pul əməliyyatları edən insanları müəyyənləşdirmək, yoxlamaq və hesabat vermək tələb olunacaq. Üzv ölkələr istəsələr, öhdəliyi olan qurumlar siyahısına futbol klublarını da əlavə edə biləcəklər.
Bizi sosial şəbəkələrdən izləyin!!