Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) qurumları məcburi işlədilən insanların istehsal etdiyi məhsulların Aİ bazarına daxil olmasını qadağan etməyə razılaşıb.
Banco.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və İttifaq ölkələrinin bazarlarında məcburi əməyə cəlb edilməklə istehsal olunan məhsulların qadağan olunmasını nəzərdə tutan qanunla bağlı razılığın əldə edildiyini açıqlayıb.
Razılığa əsasən, Aİ bazarında məcburi əməyə cəlb olunmaqla istehsal olunan hər hansı məhsulun yerləşdirilməsi, bazara çıxarılması, idxalı və ya ixracı qadağan ediləcək.
Aİ Komissiyası beynəlxalq təşkilatların hesabatları da daxil olmaqla, məcburi əməyin riskləri haqqında yoxlanıla bilən və müntəzəm olaraq yenilənən məlumatlardan ibarət məlumat bazası yaradacaq.
Bundan əlavə, Avropa Komissiyası müxtəlif növ məcburi əməyə son qoymaq üçün şirkətlər və səlahiyyətli orqanlar üçün təlimatlar hazırlayacaq. Bu mərhələdən sonra qanun üzv dövlətlər və AP tərəfindən rəsmi olaraq təsdiqləndikdən sonra Aİ-nin rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək.
Xatırladaq ki, Aİ-nin məlumatlarına görə, dünyada 27,6 milyon insan məcburi əməyə cəlb edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!