"AtaSığorta"dan “Mən işimi bilirəm!” müsabiqəsi | Banco.az

"AtaSığorta"dan “Mən işimi bilirəm!” müsabiqəsi

Artıq bir neçə müddətdir ki, kütləvi və sosial mediada bir çox insanların diqqətini cəlb etməyi bacarmış “AtaSığorta” ASC-nin keçirdiyi “Mən işimi bilirəm!” (#ishimibilirem) müsabiqəsi əvvəldən də elan olunduğu kimi, 10 noyabr 2014-cü il tarixində başa çatib.

Daha əvvəl də bildirildiyi kimi, 25 sentyabr 2014-cü il tarixindən etibarən “Bu gün. Birlikdə. Sabahımız üçün.” sloqanı altında aparılan və “AtaSığorta” ASC-nin 10 illik yubileyinə həsr olunan imic kampaniyası 10 oktyabr 2014-cü il tarixində elan edilmiş “Mən işimi bilirəm!” müsabiqəsinin startı ilə davam etdirilmişdi. Müsabiqənin əsas məqsədi işini bilən və iddialı insanları cəmiyyətə tanıtmaq, onlara dəstək olmaq və önə çıxarmaqdan ibarət idi.

Müsabiqə özünün gedişatı boyunca gözlənildiyi kimi böyük marağa səbəb olaraq, ümumilikdə davam etdiyi 30 gün müddətində müsabiqəyə müxtəlif peşə və kateqoriyalardan olan insanlar tərəfindən “Mən işimi bilirəm!” mövzusunda 46 ədəd 60 saniyəlik video göndərilib. İnsanların öz peşələrini, bacarıqlarını sərgiləməyə çalışdıqları bu müsabiqənin sonunda isə əvvəldən elan olunmuş 3 nominasiya üzrə qaliblər seçilib və AtaSığorta tərəfindən mükafatlandırılıb.

“Ən baxımlı video” nominasiyasında AtaSığortanın rəsmi feysbuk səhifəsində paylaşılmış videolar arasında ən çox – 1 031 bəyənmə sayına əsasən mühəndis Aidə Aslanova adlı istifadəçi tərəfindən göndərilmiş video qalib elan edilib və Aidə Aslanova “AtaSığorta” ASC tərəfindən 1 000 manat məbləğində mükafatlandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

“Ən yaradıcı video” nominasiyasında Uptime və Comma agentliklərinin birgə seçiminə əsasən videoqraf Vüsal Süleymanov tərəfindən göndərilmiş video qalib elan edilib və iştirakçı “AtaSığorta” ASC tərəfindən 1 000 manat məbləğində mükafatlandırılıb.

“Ən inandırıcı video” nominasiyasında birbaşa olaraq AtaSığorta kollektivinin ümumi rəyinə əsasən müsabiqədə iştirak edən iki iştirakçı eyni anda qalib elan edilib. Bunlar telejurnalist Nicat Nəsirli və oymaçı Çingiz Fərzəliyevdir. Buna görə də nominasiya üçün nəzərdə tutulmuş 1 000 manat məbləğində mükafat fondu bölünərək hər bir iştirakçı bərabər şəkildə - hər birinə 500 manat olmaqla mükafatlandırılıblar.

Qaliblərin mükafatlandırılması mərasimi 28 noyabr 2014-cü il tarixdə “AtaSığorta” ASC-nin baş ofisində yerləşən konfrans zalında baş tutub. Mərasim zamanı hər bir iştirakçıya şirkət tərəfindən əldə etdikləri pul mükafatı ilə yanaşı bir sıra qiymətli hədiyyələr də təqdim olunub.

Bir daha qeyd edək ki, 10 illik yubileyə həsr olunan reklam kampaniyasında da peşəkar insanların fikirlərinə istinad edən “AtaSığorta” ASC, gələcək onilliklərdə də cəmiyyətin bütün insanları ilə birgə hərəkət etməyi və Azərbaycanın daha gözəl gələcəyi naminə bugün, birlikdə, sabahımız üçün çalışmağı özünə hədəf seçmişdir.