Ölkəmizin bank və maliyyə sahəsində ixtisaslaşmış portalı olan Banco.az 2014-cü ilin nəticələrinə görə maliyyə təşkilatları arasından İlin Ən Yaxşıları seçimlərini yekunlaşdırmışdır. Hər il olduğu kimi bu il də, portalımızda səsvermə 8 nominasiya üzrə keçirilib. Nominasiyalardan biri də İlin Sığorta şirkəti olmuşdur. Göstərdiyi xidmətlərə, təklif etdiyi məhsullara, yeniliklərə və innovasiyalara görə il ərzində seçilən şirkət İlin Sığorta Şirkəti elan olunmuşdur.
Bu ilki onlayn səsvermə 5 mart- 5 aprel aralığını əhatə edib. 1 ay davam edən səsvermədə AtaSığorta 19% səslə İlin Sığorta Şirkəti adına layiq görülmüşdür. AtaSığorta şirkətinin rəhbərliyi və kollektivini bu mükafatın qazanılması ilə bağlı təbrik edirik və daha yüksək zirvələr arzu edirik.
Mükafat portalımızın rəhbəri Fərid İslamov tərəfindən, AtaSığorta ASC-nin İdarə Heyətinin Sədr Müavini Orxan Məmmədova təqdim olunmuşdur.
AtaSığorta “müştəri risklərinə təminat verən keyfiyyətli sığorta xidmətləri göstərmək” missiyasını daşımağı nəzərdə tutur.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Təsisçisinin (səhmdarı) AtaHolding ASC olduğu şirkətin nizamnamə kapitalı 14,6 mln. AZN təşkil edir.
AtaSığorta şirkəti 26 növ : 22 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkət beynəlxalq sığorta bazarının Lloyds of London, Hannover Re, Chartis/AIG, Russian Re, ACE, Allianz, SCOR, BRIT və digər şirkətlərlə əməkdaşlıq edir.
Şirkət 2014-cü ilin sonunda 3 il müddətinə “Intertek” şirkəti tərəfindən İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı almışdır.
Şirkətin 6 filialı ("Mərkəzi", "Sumqayıt", "Qərb", "Şimal", "Cənub", "Xəzər"), 6 nümayəndəliyi ("Şamaxı", "Zaqatala", "Bərdə", "Gədəbəy", "Gəncə-Kəpəz" və "Ağdaş") və 11 satış ofisi fəaliyyət göstərir.