Ağcabədi rayonunda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Fermer təsərrüfatlarında maliyyə mənbələrinə çıxış və sığortanın təşkili” mövzusunda fermerlər üçün təlim keçirilib. Təlimdə maliyyə savadlılığı, biznes planın təşkili, kənd təsərrüfatında sığortalanmanın faydalılığı və digər mövzularda sahibkarlara geniş və müfəssəl məlumat verilib.Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və 50-dən çox fermer iştirak ediblər.
ASK-nın Ağcabədi rayonu üzrə nümayəndəsi Şirin Şirinov və ASK-nın Baş hüquqşünası Xəqan Hümmətzadə çıxış edərək Azərbaycan Sahibkarlar Konfederasiyası və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası davamlı olaraq öz məqsədləri istiqamətində bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də “Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə, sığorta, İKT və kooperativlər mövzusunda təlimlərin keçirilməsi” layihəsidir ki, bu layihə çərçivəsində ilk tədbirimizi Ağcabədi rayonunda təşkil edirik. Qeyd olunub ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir və cari il ərzində bir neçə bu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə, sığorta, İKT, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər və s. sahələrdə təlimlərə cəlb etməklə onların arasında maarifləndirmə işlərini gücləndirməkdir. Layihədə 4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud durum araşdırılmış və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilmişdir.
AMFA-nın idarə heyətinin sədri, ekspert Süleyman Kələşov fermerlərin mövcud maliyyə mənbələri və onlara çıxışın prosedur məsələləri barədə məlumatlandırılması, fermerlərin maliyyə savadlılığının artırılması, biznes planın hazırlanması, onun icrası, pul vəsaitlərindən düzgün istifadənin təşkili barədə fermerlərin maarifləndirilməsi, bu sahədə uğurlu təcrübənin təşviqi, sahibkarların mövzu ilə əlaqədar fikirlərinin, təklif və tövsiyələrinin öyrənilməsi ilə bağlı çıxış edib.
Tədbirdə maraqlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.