Asiya İnkişaf Bankının Azərbaycanda layihələr üzrə kredit portfeli 1,2 milyard dollara çatmışdır | Banco.az

Asiya İnkişaf Bankının Azərbaycanda layihələr üzrə kredit portfeli 1,2 milyard dollara çatmışdır

Hazırda Asiya İnkişaf Bankının (AİB) 2014-2016-cı illərdə Azərbaycanda fəaliyyəti üzrə biznes plan hazırlanır.
AzərTAc xəbər verir ki, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Norojono bildirmişdir.
O.Norojono demişdir: Bu biznes plan çərçivəsində maliyyələşdiriləcək layihələri hökumətlə razılaşdırmışıq. 2014-cü ilin yanvarında biznes plan bankın Direktorlar Şurasına təqdim olunacaqdır. Bu il AİB Azərbaycanda mikro, kiçik və orta müəssisələrə maliyyə dəstəyi göstərmək üçün “Accessbank”a 50 milyon dollar məbləğində kredit ayırmışdır. Bundan başqa, bank su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 150 milyon dollar məbləğində üçüncü tranşın ayrılmasını təsdiqləmişdir. Bu tranş üzrə vəsaitlər Ağcabədi və Naxçıvan şəhərlərində su təchizatının yaxşılaşdırılmasına sərf olunacaqdır.
Son üç ildə AİB-in Azərbaycan üzrə kredit portfelini əhəmiyyətli dərəcədə artırdığını bildirən O.Norojono qeyd etmişdir ki, əgər 2010-cu ildə bankın Azərbaycanda layihələr üzrə aktiv portfeli 500 milyon dollar təşkil edirdisə, cari ildə bu göstərici 1,2 milyard dollara çatmışdır. Bələdiyyə infrastrukturunun formalaşması, nəqliyyat, xidmət və energetika sahələri bankın Azərbaycan üzrə strategiyasının prioritetləridir. Bundan başqa, yeni strategiya çərçivəsində AİB Azərbaycanda özəl sektorun, xüsusilə də yerli bankların kreditləşməsi və ticarətin inkişafı üzrə proqramların maliyyələşdirilməsini davam etdirəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et