Əhalinin kütləvi toplaşdığı yerlərdə quraşdırılan xüsusi “ASAN Ödəniş” terminalları sizə nağd pulla və ya bank kartı ilə ödəniş aparmağa imkan yaradır.
“ASAN Ödəniş” terminalı “ASAN ödəniş” sisteminin tərkib hissəsi olmaqla hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən ödənişlərin (nağd və nağdsız) qəbuluna imkan verən və avtomatik rejimdə fəaliyyət göstərən proqram-aparat kompleksidir.
“ASAN ödəniş" terminalları “Park Bulvar", “Metro Park", "28 Mall" iri ticarət mərkəzlərində və “Baku Crystal Hall”da vətəndaşların istifadəsinə verilib. Bu terminalların gələcəkdə bütün mərkəzlərdə və əhalinin kütləvi toplaşdığı yerlərdə quraşdırılması nəzərdə tutulub. “ASAN ödəniş” terminalları digərlərindən fərqi ondan ibarətdir ki, terminallar özündə həm nağd pulun, həm qəpiklərin qəbulunu və qaytarılmasını nəzərdə tutur.
“ASAN ödəniş” sistemi vasitəsi ilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsi ilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür. “ASAN ödəniş” terminalları vətəndaşlara ödənişin qəbulu və qalıq pulun qaytarılması zamanı kağız və qəpik pullardan istifadəyə imkan verir. Bu günə qədər yalnız terminallar vasitəsi ilə 2000-ə yaxın ödəniş həyata keçirilib.
“ASAN ödəniş” portalının istifadə təlimatı ilə bağlı vətəndaşların göstərilən linkə daxil olaraq ətraflı məlumat əldə etməsi mümkündür:
https://www.asanpay.az/asanpay/instructions
Vətəndaşların “ASAN ödəniş” sisteminin funksionallığı ilə bağlı sualları yarandıqda 108 Çağrı Mərkəzinə zəng edə bilər.
Qeyd edək ki, artıq istifadəçilər www.asanpay.az portalı üzərindən şəxsi kabinetə daxil olmaqla şəxsi məlumatlarını və onlara tətbiq olunmuş cərimə ballarını da izləyə bilərlər.
“ASAN ödəniş” sistemi “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral 110 nömrəli Fərmanına əsasən yaradılıb.
Asan ödəniş terminalları ilə ödəniş
Əhalinin kütləvi toplaşdığı yerlərdə quraşdırılan xüsusi “ASAN Ödəniş” terminalları üzərindən ödənişlər aşağıdakı kimi həyata keçirilir:
Vətəndaş terminala yaxınlaşıb tərtib olunmuş inzibati xəta üzrə protokolun seriya və nömrəsini daxil edir. Daxil edilmiş məlumatlar əsasında “ASAN Ödəniş” terminalında inzibati xəta haqqında olan məlumatlar (protokol, şəkil və ya videonu) vətəndaşa göstərilir. Vətəndaş cərimənin ödənişini terminal üzərindən həm nağd ödəniş, həm də bank kartı vasitəsilə həyata keçirə bilər:
“ASAN Ödəniş” terminalları üzərindən nağd pul ödənişlərin manatla həyata keçirilir və vətəndaşa pulun qalığının həm əskinas, həm də qəpiklə qaytarılması imkanı təmin edilmişdir.
Ödənişin həyata keçirildiyi barədə məlumatlar tranzaksiya və qəbz nömrəsi ilə birlikdə “ASAN ödəniş” sisteminə göndərilir, bundan sonra inzibati xətanın ödənilməsi haqqında informasiya aidiyyatı sistem iştirakçısına yönəldilir və həmin sistemin iştirakçısı ilə əlaqəli olan digər ödəniş sistemlərində də cərimənin ödənildiyi barədə məlumatların yerləşdirilməsi təmin edilir.
“ASAN ödəniş” sistemi ilə aşağıdakı istiqamətlər üzrə ödənişləri həyata keçirə bilərsiniz:
Cərimələrin ödənilməsi:
- Dövlət Yol Polisinin cərimələrinin ödənilməsi
Yaxın zamanlarda aşağıda sadalanan istiqamətlər üzrə də ödənişlərin həyata keçirilməsi mümkün olacaqdır:
Dövlət orqanlarına ödənişlər:
- Məhkəmə və digər dövlət orqanları tərəfindən tətbiq edilən cərimələrinin və rüsumlarının ödənilməsi
- Vergi borclarının ödənilməsi
- Digər ödənişlər
Kommersiya təşkilatları xidmətlərinin ödənişi:
- Mobil və stasionar əlaqə, kabel televiziyası, internetə giriş xidmətlərinin ödənişi
- Kommunal xidmətlərin ödənişi
- Kreditlər üzrə ödənişlər
- Sığorta ödənişləri
- Əyləncə xarakterli xidmətlərin ödənişi
- Digərləri
Park etmə ödənişi:
- Bakıda park etmə ödənişi
- Azərbaycanın digər şəhərlərində park etmə ödənişi
“ASAN ödəniş” sistemi mərkəzi icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının sistemləri ilə qarşılıqlı əlaqəli fəaliyyət göstərir.