“Asan” kreditlərin çətin problemləri | Banco.az

“Asan” kreditlərin çətin problemləri

Bildiyimiz kimi bir müddət öncə ölkəmizdə avtomobil kreditləşdirilməsi tamamı ilə dayandırılmışdı.  Hamımız bu sahədə ciddi problemlərin olması barədə məlumatlıyıq. Hazırda isə avtomobil kreditlərinin verilməsi şərtləri olduqda sərtləşib. Bütün bu proseslər ilə bağlı avtomobil kreditləri ilə iş sahəsində böyük təcrübəyə malik olan mütəxəssis Cəlal Sevdimovun fikrini almaq hamımıza maraqlı olardı.

Cəlal müəllim bildirir ki. avtosalonlar (rəsmi istehsalçıların satış salonları) axır bir neçə il ərzində avtomobillərin satışını demək olar ki, ancaq bank krediti vasitəsi ilə həyata keçirirdilər. Bu neçə il ərzində avtosalonlar və banklar tətbiq etdiyi “yüngül” kredit şərtləri (cüzi ilkin ödəniş məbləği, sığorta haqqının hədiyyə olunması, aşağı olan illik faiz dərəcələri) bankların problemli kreditlər portfelinin getdikcə artmasına gətirib çıxartdı.

Həmçinin o, qeyd edir ki,  2008-2009-cu illərdə ABŞ-da ipoteka kreditləri ilə bağlı baş verən hadisələr bizim üçün örnək ola bilər. Belə ki, həmin illərdə ABŞ-da ipoteka kreditləri ilə bağlı güclü maliyyə böhranı yaşanmışdır. 2008-ci ilin əvvəllərində ABŞ-ın qabaqcıl iqtisadçıların xəbərdarlıqları bankları idarə edən şəxslər tərəfindən nəzərə alınmamış və belə də sonradan yaranan maliyyə böhranını vaxtında qabağını almaq mümkün olmamışdır.

Azərbaycanda da isə eyni ssenarinin təkrarlanmasına yol vermək olmazdı

Kütləvi informasiya vasitələrində yayılan məlumata görə Azərbaycan Respublikasında vətəndaşların banklara olan borcun məbləği 800 milyon manata (1 milyard ABŞ Dollarından artıq) çatmışdır. ABŞ-da ipoteka sahəsində baş vermiş neqativ praktikanı nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı hadisələrə dərhal reaksiya verdi və ABŞ-dakı ssenarini təkrar etməmək üçün bütün kreditlərin (əsasən də avto-kreditlərin) verilməsini dayandırdı. Kreditlərin verilməsi dayandırıldıqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisləri tərəfindən kreditlərin verilməsində yaranmış problemlərin səbəbləri araşdırıldı. Əsas narazılıqlar və nöqsanlar kimi aşağıda qeyd olunanlar nəzərə alındı:

a) İş yerindən verilən və gəliri əks etdirən arayışların olmaması,
b) Avtomobil alınan zaman müştərinin gəlir mənbələrinin və ödəniş qabiliyyətinin düzgün qaydada araşdırılmaması və təhlil olunmaması,
c) Avtosalonlar tərəfindən tətbiq olunan və avtomobilin alınmasını dəfələrlə “yüngülləşdirən” şərtlərin mövcud olması,
d) Avtomobillərin “yüngül” şərtlər ilə alınandan sonra və bir müddət istifadə olunandan sonra qiymətinin düşməsi, və buna görə müştərilər tərəfindən avtomobillərin (mülkü etibarnamə vasitəsi ilə) satılması və sonradan avtomobilin əldən ələ keçməsi.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı Cəlal müəllim bizimlə avtomobil kreditərində yol verilən nöqsanlarla bağlı fikirlərini də paylaşdı. O söyləyir ki,  təbii ki, hər bir bankın əsas məqsədi verdiyi kreditin vaxtı- vaxtında ödəniş cədvəli üzrə geri qayıtmasıdir. Minimum şərtlərlə avtomobil kredit verildiyi zaman müəyyən dövrdən sonra müştəri ödəniş qabiliyyəti aşağı düşdüyü an mülki etibarnamə vasitəsilə avtomobili satmaq qərarına gəlirdi. Müştəri banka xəbər vermədən avtomobilini asan üsul ilə satdığını düşünürdü. 

Burada notariat kontorlarının da öz maraqlarını güdərək qeyri qanuni olaraq bankın müvafiq məktubu olmadan müştəriyə sürməyə etibarnamə verməsi də müəyyən rol oynayırdı. Əgər həmin avtomobil, özünü avtomobil biznesi ilə məşğul olan adam kimi düşünən bəzi avtomobil alverçilərinin əlinə düşərdisə bunu fürsət bilən “biznesmenlər” insanları aldadırdılar. Belə ki, onlar avtomobillərin borcu yoxdur və ya olandan az qələmə verərək avam insanlara satırdılar. Bu da avtomobil kreditlərinin əsas problemlərindən biridir və ya mən deyərdim birincisidir – deyən Cəlal müəllim məsələyə münasibətini bildirdi.

Könül Soltanova/Banco.az