Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, 5 noyabr 2015-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq komitəsinin iclası keçirilib. İclasda ASA sədri Orxan Bayramov, qurumun hüquqşünası Cavid Məhərrəmov, adı çəkilən komitənin sədri, “AXA MBASK” sığorta şirkətinin Hüquq və subroqasiya departamentinin müdiri Fuad Musa, eləcə də komitənin digər üzvləri – “Atəşgah Sığorta”, “Azərsığorta”, “Azsığorta”, “Meqa Sığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “Standard Insurance” şirkətlərinin təmsilçiləri iştirak edib.
İclasda “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nında nəzərdə tutulmuş şikayət prosedurlarının, sığortaçıların və sığorta vasitəçilərinin davranış məcəlləsinin hazırlanması, həmçinin “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” AR qanunlarına və Mülki Məcəllənin 50-ci fəsilinə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması məsələləri müzakirə olunub.
Müzakirələr nəticəsində şikayət prosedurlarının, həmçinin sığortaçıların və sığorta vasitəçilərinin davranış məcəlləsinin hazırlanması ilə bağlı komitəyə üzv olan sığorta şirkətləri nümayəndələrindən ibarət işçi qruplarının yaradılması qərara alınıb, işçi qruplarına beynəlxalq və yerli təcrübə əsasında 10 gün müddətində sözügedən mövzulara dair təkliflər hazırlayaraq komitəyə təqdim etmələri tapşırılıb.
İclasda həmçinin “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” AR qanunlarına və Mülki Məcəllənin 50-ci fəsilinə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin 1 həftə müddətində hazırlanaraq komitəyə təqdim olunması qərarı qəbul olunub.
Qeyd edək ki, qəbul olunan qərarlar əsasında görüləcək işlər ASA-nın Hüquq komitəsinin 2 həftə sonra təşkil olunacaq iclasında yenidən müzakirə olunacaq.