Tamara Mustafayeva, Banco.az
Son bir neçə aydır ki, həm ölkəmizdə, həm də dünya miqyasında olduqca populyarlaşmağa başlayan və yaxın günlərdə 1 yaşı tamam olacaq "Clubhouse" tətbiqinin kontent yaradıcılarına sevindirici xəbəri var. Belə ki, şirkət rəsmi Twitter hesabından açıqlama edərək artıq platforma vasitəsilə pul qazanma dövrünün başlayacağını elan edib. Sözügedən açıqlamada hazırda sınaq mərhələsində olan "Clubhouse Creator First" üçün 20 kontent yaradıcısı axtarışında olduqları qeyd edilib.
"Clubhouse Creator First" proqramı platformadakı moderatorların və kontent yaradıcılarının öz auditoriyalarını formalaşdırmalarına, markalarla əlaqə yaratmalarına və böyük ehtimalla söhbət otaqlarında hazırladıqları proqramlardan pul qazanmalarına imkan yaradacaq. Sınaq mərhələsində olduğu üçün müraciət sayının 20 nəfərlə məhdudlaşdırıldığı sözügedən proqrama üzv olmaq üçün Twitter vasitəsilə müvafiq link yayımlanıb. İstifadəçilərin müəyyən şəxsi məlumatlarını bölüşdüyü müraciət formasında həmçinin kontentlərin növləri, gündəlik trafiki və 3 dəqiqəlik səs yazısı kimi informasiyalar da tələb edilir. Qeyd edək ki, müraciət üçün yekun tarix 31 martdır.
Xatırladaq ki, dəvət edilmə yolu qoşulma imkanı yaradan "Clubhouse" tətbiqi hazırda təkcə iOS istifadəçiləri üçün aktiv olsa da, platforma hər ötən gün əhatə dairəsini genişləndirməyə davam edir. Ən sonuncu hesabatlara görə, tətbiq "App Store"da 8 milyondan çox endirilmə sayına çatmağa nail olub.
Bizi sosial şəbəkələrdən izləyin!!