Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlamış Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ölkəmizdə maliyyə və idarəetmə sahəsində peşəkar kadrların hazırlanması məqsədilə müxtəlif təlim, tədbir və forumlar həyata keçirir. Bu istiqamətlərdə yerli və beynəlxalq tərəfdaşlıqlar quran ARPA hazırda “Peşəkar Mühasib Təşkilatı” kimi akkreditasiyadan keçmişdir.
Belə ki, 2014-cü ildən etibarən ARPA Dünya Bankının Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirdiyi “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq (CAPSAP)” layihəsi çərçivəsində fəaliyyətini genişləndirərək peşəkar mühasibləri öz ətrafına toplamağa başlamışdır. CAPSAP layihəsi əsasında ARPA-ya Mühasiblərin Peşəkar Sertifikasıyasının keçirilməsi hüququ verilmişdir. Mühasibat uçotu sahəsində uzun illərə dayanan təcrübə və peşəkarlıq sayəsində ARPA Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 21 oktyabr 2019-cu il tarixli qərarına əsasən “Peşəkar Mühasib Təşkilatı” kimi akkreditasiyadan keçmişdir.
Yarandığı gündən etibarən Risk Menecmenti sahəsində özünə diqqət cəlb etmiş ARPA 2009-cu ildən başlayaraq GARP (Global Association of Risk Professionals) ilə beynəlxalq tərəfdaşlığa başlamışdır. Belə ki, ARPA GARP-la birgə Bank İşi və Banklarda Risk Menecmentin Əsasları Sertifikasiyası üçün materialları tərcümə etmiş, təlim proqramları hazırlamış və 2009-cu ilin may ayında 100 nəfərdən çox şəxsin iştirak etdiyi ilk BRM imtahanı keçirmişdir. Əməkdaşlığın növbəti mərhələsində Bank Risklərinin qarşısının alınması (ABR) istiqamətində sertifikasiya proqramı hazırlanmış və 200 nəfərdən artıq şəxsin iştirakı ilə növbəti imtahan keçirilmişdir.
Beynəlxalq tərəfdaşlığını genişlədən ARPA 2010-cu ildə International Finance Corporation (IFC) ilə yeni əməkdaşlığa başlamışdır. Dünya Banklar Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) inkişaf etməkdə olan ölkələrdə əsasən özəl sektorun inkişaf etdirilməsinə istiqamətlənən ən böyük qlobal inkişaf təsisatıdır. IFC beynəlxalq standartlara və təcrübələrə uyğun qanunvericiliyin hazırlanmasında ARPA-ya dəstək göstərmişdir. Daha sonra ARPA Azərbaycan Korporativ İdarəetmə Layihəsinə qoşulmuş və layihənin çıxış tərəfdaşı olmuşdur. ARPA və IFC birgə çoxsaylı korporativ idarəetmə qiymətləndirmələri və yoxlamaları aparmışlar. Hal-hazırda ARPA IFC tərəfindən həyata keçirilən Regional Korporativ İdarəetmə Layihəsinin üzvüdür. IFC-nın dəstəyi ilə ARPA “Qadınlar idarəetmədə”, “Risklərin idarəolunması təlimi” kimi tədbirləri həyata keçirmiş, hal-hazırda isə “Korporativ İdarəetmə Sertifikasiya Proqramı”nı hazırlayır.
Əsas fəaliyyət istiqamətlərindən biri Sığorta sahəsində peşəkarların hazırlanması olan ARPA bu istiqamətdə də beynəlxalq tərəfdaşlar cəlb etmişdir. Belə ki, 2012-ci ildə CII (Chartered Insurance Institute) ilə rəsmi tərəfdaşlığa başlayan ARPA CII-ın lisenziyalı regional imtahan mərkəzi kimi təsdiq edilmiş və CII-ın regional səviyyədə təlim və imtahan keçirmək səlahiyyətini almışdır. ARPA həmçinin 2014-cü ildən etibarən CII-ın rəsmi razılığı ilə tədris materialları əsasında hazırlanmış və Azərbaycanda sığorta sahəsində yerli dildə ilk sertifikasiya proqramı – PSS-in hazırlanmasına başlamışdır. Bu məqsədlə CII-a məxsus olan və ingilis dilində nəşr edilmiş “Insurance: principles and practice” dərsliyi tərcümə və nəşr edilmiş və oxucuların ixtiyarına verilmişdir.
Müxtəlif istiqamətli nəhəng qurumlarla tərəfdaşlıqlarını inkişaf etdirən ARPA hazırda maliyyə, mühasibatlıq, risk menecmenti və sığorta sahələrində yerli və beynəlxalq miqyaslı təlimlər, sertifikasiya proqramları, tədbir və forumlar həyata keçirməyə davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!