Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası “Peşəkar Mühasib Sertifikatı” mövzusunda növbəti seminarını keçirdi. 15 oktyabr 2021-ci il tarixində keçirilmiş seminarda “Peşəkar Mühasib Sertifikatı” imtahanına hazırlıq prosesi, sertifikasiya imtahanlarından azadolmalar, imtahana qeydiyyat, peşəkar üzvlük kimi məsələlər müzakirə edilib, o cümlədən, Peşəkar Mühasib Sertifikatının növləri, əhəmiyyəti və digər suallar cavablandırılıb.
ARPA İdarə Heyətinin sədri xanım Günay Şahbazova seminara açılış nitqi ilə başlayaraq qonaqları salamlayıb, seminarın mövzusunu təqdim etdikdən sonra isə spikerlərə iştirak etdikləri üçün öz təşəkkürünü bildirib. Seminarın spikeri, həmçinin moderatoru qismində çıxış edən ARPA Mühasibat Uçotu Komitəsinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat Fakültəsinin dekan müavini Abdulkərim Sadıqov spikerləri qonaqlara təqdim edikdən sonra “Peşəkar Mühasib Sertifikatı” seminarının əhəmiyyətindən, müzakirə olunacaq mövzulardan və günümüzdə Peşəkar Mühasib Sertifikatının faydalarından və ARPA-nın bu sahədəki rolundan bəhs edib. Daha sonra Peşəkar Mühasib Sertifikatının növləri və proqramları barədə iştirakçılara geniş məlumat verən ARPA Mühasibat Uçotu Komitəsinin sədri, Bakı Mühəndislik Universitetinin Mühasibat Uçotu və Audit Kafedrasının müdiri Firudin Sultanov bu sertifikatın kimlər üçün əhəmiyyətli olduğu haqqında fikirlərini bölüşüb.
ARPA İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Səadət Hüseynlinin spikerliyi ilə davam edən seminarda Peşəkar Mühasib Təşkilatına üzvlük və üzvlüyün faydaları haqqında da iştirakçılara məlumat verilib. İştirakçılar Peşəkar Mühasib Sertifikatı barədə ümumi bilikləri əldə etdikdən sonra seminar ARPA Mühasibat Uçotu Komitəsinin üzvü, İqtisadi Araşdırmalar Tədris Mərkəzinin rəhbəri Radil Fətullayevin çıxışı ilə davam edib. Radil Fətullayev Peşəkar Mühasib Sertifikatı imtahanlarına hazırlıq prosesi, həmçinin imtahana qeydiyyat barədə öz mülahizələrini bölüşərək iştirakçılarda yaranan sualları cavablayıb. İmtahana düşməsi ehtimal olunan suallar barədə iştirakçıları məlumatlandıran ARPA Mühasibat Uçotu Komitəsinin üzvü, Bakı Mühəndislik Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekan müavini Elsevər İbadovun spikerliyi ilə yekunlaşan seminarın sonunda isə önəmli nüanslar müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, 2009-cu ildən təsis edilmiş ARPA ölkəmizdə maliyyə və idarəetmə sahəsində peşəkar kadrların yetişdirilməsi məqsədilə təlimlər, seminarlar, forum və konfranslar təşkil edir, ölkə iqtisadiyyatına dayanıqlı töhfə vermək üçün yerli və beynəlxalq əməkdaşlıqlara davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!