Argentinada ilin əvvəlindən inflyasiya 90%-ə yaxınlaşıb | Banco.az

Argentinada ilin əvvəlindən inflyasiya 90%-ə yaxınlaşıb

Müəllif:Ayşən İmanova/Banco.az

İyul ayında Argentinada qiymətlər 4% artıb, ilin əvvəlindən isə inflyasiya demək olar ki, 90%-ə çatıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutu məlumat yayıb.

“İstehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayında 4%, ilin əvvəlindən isə 87% artıb. Ötən ilin iyul ayı ilə müqayisədə artım 263,4% təşkil edib”, - məlumatda deyilir.

Bildirilib ki, ən çox qiymət artımı restoran və mehmanxanalarda (+6,5%) müşahidə olunub. Sonrakı yerdə spirtli içkilər və tütün məmulatları (+6,1%), o cümlədən kommunal xidmətlər (+6%) gəlir ki, iyunda əvvəlki ayla müqayisədə artıq 14,3% bahalaşıb. Ərzaq məhsullarının qiymətləri isə 3,2% artıb.

Yüksək inflyasiyaya baxmayaraq, hökumət qiymət artım tempini aşağı sala bilib. İyul göstəricisi 2022-ci ilin yanvarından bəri ən aşağı göstərici olub. 

İnflyasiyanın azalması iqtisadi aktivliyin azalması fonunda baş verir: İyun ayında sənaye istehsalı indeksi 1,6% azalıb.

Qeyd edək ki, Argentina artıq bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ildə qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə isə 50,9% təşkil edib. 

Noyabrın 19-da Xavyer Mayli prezident seçildikdən sonra inflyasiya sürətlənib.
Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi məzənnəsini bir dollar üçün 366 pesodan 800 pesoya qaldırmaq olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram