ARDNF: İqtisadiyyatın ixrac modeli Azərbaycan üçün daha əlverişlidir | Banco.az

ARDNF: İqtisadiyyatın ixrac modeli Azərbaycan üçün daha əlverişlidir

"Əcnəbi sərmayəçilər üçün Azərbaycanın cəlbediciliyinin artırılması məqsədilə hökumət tərəfindən biznes vizaların verilməsini sadələşdirmək, gömrük sistemində islahatların aparılmasını davam etdirmək və əmək resurslarının cəlb edilməsi üzrə əcnəbi şirkətlərin təcrübəsini təşviq etmək lazımdır". 
Trend-in məlumatına görə, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu Bakıda keçirilən "2020-ci il və sonra: iqtisadi inkişafın sürətləndirilməsi" investisiya sammiti çərçivəsində panel müzakirələr zamanı deyib.
"Başlıca olaraq hansı sahələrin inkişafı iqtisadiyyatın şaxələndirilməsi üçün daha vacibdir" sualına cavab verən Palatanın direktoru informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və turizmin adını çəkib. Onun sözlərinə görə, bu sahələrin hər biri böyük potensiala malikdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, Azərbaycan məhdud daxili bazara malik kiçik ölkədir və onun üçün nisbətən daha uyğun iqtisadi model ixracyönümlü modeldir. Eyni zamanda, Azərbaycan əcnəbi sərmayəçilər üçün dünyada baş verən böhranlar fonunda ölkə iqtisadiyyatının sabitliyinin qorunub saxlanması, biznes mühitin yaxşılaşdırılması, əlverişli coğrafi vəziyyətlə bağlı yaxşı imkanlar yaradır.
Ş.Mövsümovun qeyd etdiyi kimi, Azərbaycanın suveren avrobondlarının buraxılışı əcnəbi sərmayəçilər üçün ölkə bazarını daha da açır.
O qeyd edib ki, avrobondların yerləşdirilməsi uğurla həyata keçirilib və onlara böyük tələbat var: "Əgər iki il əvvəl Azərbaycan ÜDM-də neft sektorunun payı 60 faiz təşkil edirdisə, hazırda 40 faizədək azalıb. Dövlət infrastruktur layihələrinə dövlət xərclərini artırmaqla şaxələndirilmə prosesinə kömək edir".
Öz növbəsində, "Paşa Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov bu gün Azərbaycan ÜDM-in 80 faizinin özəl sektorun hesabına formalaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, böyük uğurdur, çünki 20 il əvvəl Azərbaycanda bu həcmdə özəl mülkiyyət olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az