“Araşdır və özünü hazırla” - KARYERA | Banco.az

“Araşdır və özünü hazırla” - KARYERA

Günümüzdə əmək bazarında olan rəqabət artdıqca gənclərin iş tapmağı bir o qədər müşkülə çevrilir. Şirkətlərin, təşkilatların əksəriyyəti də yenicə məzun olan tələbədən təcrübə tələb edir. Belə olan halda isə gənc kadrlar ya qeyri-ixtisasa meyllənir, yaxud tamamilə işsiz qalır. Bəs görəsən uğurlu karyera qurmaq üçün nə etmək lazımdır?

Marketinq kommunikasiyaları üzrə mütəxəssis, "Comunical” şirkətinin rəhbəri Tural Abbaslı ilə söhbətləşdik. O bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycan gəncləri daha dinamik və daha bol informasiya mühitində yaşayırlar. Bu baxımdan hesab edirəm ki, gənclərimizin rəqabət qabiliyyətli olması daha asandır: "Təəssüflə qeyd etmək istəyirəm ki, son illərdəki müşahidələrimiz isə bunun tam əksini göstərir. Artıq elə bir zəmanədə, elə bir iqtisadi mühitdə yaşayırıq ki, kompüter bilikləri, ingilis dili bilmək heç də qeyri adi üstünlük hesab edilmir. Bu baxımdan universiteti bitirən gənclər qeyri-adi üstünlüyə malik ola bilmirlər. Bu əsas problemdir. Şirkətlər, sahibkarlar artıq daha qabiliyyətli və bacarıqlı kadr axtarışında olurlar. Bu problemin həlli bir neçə istiqamətlidir. Burada birinci faktor gənclərin özüdür. Çünki tələbə olan gənc hələ 4 illik bir sığortalı həyatının olduğunu düşünür və gələcəyin planlamasını tam detallı düşünə bilmir. Bu halda biz hər zaman gənclərə belə bir təklif irəli sürürük: “araşdır və özünü hazırla”. Burada mental bir təsir də mövcuddur. Hər birimiz istəyirik ki, hüquqşünas, həkim, maliyyəçi olaq. Əslində isə kadr çatışmazlığından əziyyət çəkən bir çox sektorumuz var. Bu isə uşaqlıqdan övladlarımızın araşdırmaçı olaraq böyüməməsi, problem həllində məsuliyyəti övladlarımıza verməməyimizdən qaynaqlanan fundamental problem kimi illərdir bizi narahat edir”.

Ən sərfəli kredit üçün müraciət et

T.Abbaslı hesab edir ki, səbəblərdən biri də təhsil müəssisələrində gələcəyə kadr yetişdirmə mexanizminin nəzəriyyə ilə məhdudlaşmasıdır: “Hesab edirəm ki, gələcəyin kadrı orta məktəblərdən başlamalıdır və bu problemi təkcə universitetlərə yükləmək lazım deyil. Bu zaman məktəbdən başlayaraq uşaqlar gələcək istehsalat, iş prosesi haqqında ilkin təfəkkürə sahib olarlar. Daha sonra isə universitetlər də daha detallı və ixtisaslar istiqamətində bu prosesi davam etdirə bilərlər. Üçüncü tərəf isə sahibkarlıq subyektləridir. Biznesin elmə və elmin biznesə inteqrasiyasının inkişaf etdirilməsi zəruridir. Dünya praktikasına baxdıqda görürük ki, qabaqcıl şirkətlərin uğurunda universitetlərdən tələbələrin yetişdirilərək işə götürülməsinin də payı az deyil. Bu həm də şirkətlərin 1 nömrəli KSM siyasəti olmalıdır. Burada bir sual yaranır: ”gənclərimiz bu yetişdirmə proqramına uyğundurmu?!” Gördüyünüz kimi proses zəncirvari bir birinə bağlı olan halqadan ibarətdir. Düşünürəm ki, burada inzibati qaydalar tətbiq edilsə, dövlət, ailə, məktəb, universitet, biznes vahid yol xəritəsi hazırlansa ümumilikdə konseptual olaraq problemin həllinə nail ola bilərik”.

Şəbnəm Mehdizadə

Ən sərfəli krediti almaq üçün müraciət et