“Aqrarkredit”in İdarə Heyətinin yeni tərkibi təsdiq edilib | Banco.az

“Aqrarkredit”in İdarə Heyətinin yeni tərkibi təsdiq edilib

Bu gün “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub. Qeyd olunub ki, “Aqrarkredit” QSC-nin Nizamnaməsinə əsasən İdarə Heyətinin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.

    Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.

    Qeyd edək ki, "Aqrarkredit” QSC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli 65s nömrəli Sərəncamı ilə yaradılıb və Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir.

    “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2009-cu il tarixli 144 №-li Fərmanı ilə Maliyyə Nazirliyi “Aqrarkredit” QSC-nin Səhmdarı olaraq çıxış edir. “Aqrarkredit” QSC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.