Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya nəhəngi “Apple”ın gəliri üç aylıq dövrdə illik müqayisədə 4 faiz artıb.
Banco.az xəbər verir ki, maliyyə təqvimində 28 dekabr 2024-cü ildə başa çatan üç aylıq dövrü 2025-ci maliyyə ilinin birinci rübü kimi qəbul edən “Apple” maliyyə hesabatını açıqlayıb.
Buna görə, şirkətin gəliri bu dövrdə illik 4% artaraq 124,3 milyard dollara yüksəlib. “Apple” əvvəlki ilin eyni dövründə 119,6 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti də eyni dövrdə 7% artaraq 36,3 milyard dollara çatıb. Firma əvvəlki ilin eyni dövründə 33,9 milyard dollar xalis mənfəət açıqlamışdı.
“Apple”ın hər səhm üzrə qazancı da həmin dövrdə 2,18 dollardan 2,40 dollara yüksəlib.
Qeyd edək ki, şirkətin gəliri və xalis mənfəəti bu dövrdə bazar proqnozlarından yüksək olub.
iPhone satışlarında azalma
Hesabat dövründə “Apple”ın iPhone satışları azalarkən, Mac və iPad satışlarında artım qeydə alınıb.
28 dekabr 2024-cü ildə başa çatan üç aylıq dövrdə iPhone satışlarının dəyəri illik təxminən 1% azalaraq 69,1 milyard dollara enib. Şirkətin iPhone satışları bu dövrdə bazar proqnozlarını doğrultmayıb.
Eyni dövrdə Mac satışları 16% artaraq 8,9 milyard dollara, iPad satışları isə 15% artaraq 8,1 milyard dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!