Apple öndə gedir | Banco.az

Apple öndə gedir

Apple-nin birinci rübdə sadəcə iPhone satışlarından əldə etdiyi gəlir Microsoft-un bütün gəlirlərini arxada qoydu. Budur Apple-nin qazandığı pul haqqında bilinməsi lazım olanlar:

Apple 2014-cü ilin ilk rübündə 43,7 milyard dollar gəlir əldə etdi. Bu Google, Amazon və Facebook-un ümumi gəlirlərindən daha çoxdur. Apple-nin iPhone satışlarından əldə etdiyi gəlir birinci rübdə 26 milyard dollar oldu. Eyni dövrdə Microsoft şirkətinin bütün gəlirləri 20,04 milyard dollarda qaldı. 

iPad satışlarından əldə edilən gəlir 7,6 milyard dollar oldu. Sosial media nəhəngi Facebook eyni dövrdə 2,5 milyard dollar qazandı. 

Apple-nin ilk rübdəki dəqiq qazancı 10,2 milyard dollar oldu. Bu rəqəm, Amazonun 20 illik tarixində qazandığı ümumi pulu keçir. Amazon 2003-2011-ci illər arasında cəmi 5 milyard dollar qazanc əldə etdi.

Apple-nin kassasında 150 milyard dollar nağd pul var. Şirkət bununla istəsə Facebook-u tamamilə ala bilər. Ya da Netflix, Tesla, Twitter, Dropbox, Pandora və Spotify-ni satın alıb, hələ bir 59 milyard dollar qırağa qoya bilər.  

Ən sərfəli kredit üçün müraciət et

Apple-nin Çindən əldə etdiyi gəlir son rübdə 9,3 milyard dollar oldu. Bu şirkətin ABŞ-da üç il əvvəl qazandığı pula bərabərdir.

Dünyada 800 milyon adamın iTunes hesabı var. Bu da Apple-nin əlində 800 milyon kredit kartı məlumatı var deməkdir. Bu, dünyadakı ən böyük kredit kartı bazasıdır.

Samsung birinci rübdə Apple-nin iki qatı qədər telefon satsa da gəlirlərdə Apple-ə yaxınlaşa bilmədi. Cənubi Koreyalı şirkət 6,3 milyard dollar mənfəət əldə etdi. 

Apple keçən altı ay ərzində 60 milyon yeni istifadəçi qazandığını bildirdi. Müqayisə etmək lazım olsa, qeydiyyatın pulsuz olduğu Twitter eyni dövrdə yalnız 23 milyon istifadəçi qazana bilmişdi.

Günel Abduraxmanova / Banco.az