Apple-ın qarşıdan gələn təqdimatından nə gözləyə bilərik? | Banco.az

Apple-ın qarşıdan gələn təqdimatından nə gözləyə bilərik?

Müəllif:Mehin Qasımova,Banco.az

Apple-ın sentyabrın 9-da keçirəcəyi ənənəvi iPhone təqdimatı bu il şirkətin tarixindəki ən diqqətçəkən tədbirlərdən birinə çevrilə bilər.

Banco.az xbər verir ki, şirkətin yeni məhsullarla yanaşı, ilk qatlanan iPhone modelini də təqdim edəcəyi gözlənilir.

Apple-ın illik iPhone təqdimat tədbiri hər il böyük maraq doğursa da, bu il gözləntilər daha yüksəkdir. Buna əsas səbəblərdən biri şirkətin ilk dəfə tamamilə yeni forma faktoruna malik iPhone təqdim etməyə hazırlaşmasıdır. Eyni zamanda, şirkətin rəhbərliyində də mühüm dəyişiklik baş verib. Tim Kuk baş direktor vəzifəsini Avadanlıq Mühəndisliyi üzrə keçmiş vitse-prezident Con Ternusa təhvil verib.

"Apple" təqdimat öncəsi yeni məhsulları ilə bağlı məlumatları ənənəvi olaraq məxfi saxlayır. Buna baxmayaraq, son dövrlərdə yayılan sızmalar sentyabrın 9-da keçiriləcək tədbirdə hansı məhsulların təqdim oluna biləcəyi barədə müəyyən təsəvvür yaradır.

Təqdimatın əsas yeniliyinin isə qatlanan iPhone Ultra olacağı gözlənilir.

Məlumatlara görə, Apple-ın ilk qatlanan iPhone modeli premium seqmentdə yerləşəcək və qiyməti 2 min dollardan yüksək olacaq.

İddialara görə, smartfon qatlandıqda təxminən 5,5 düymlük, açıldıqda isə 7,8 düymlük ekrana sahib olacaq. Bu xüsusiyyət cihazı açıldıqda kiçik planşetə bənzər məhsula çevirəcək.

Apple-ın şaquli istiqamətdə qatlanan qapaqlı telefon əvəzinə, kitab kimi yan tərəfə açılan dizayna üstünlük verdiyi bildirilir. Bu yanaşmanın əsas məqsədi böyük ekranı qoruyarkən cihazı qatlandıqda mümkün qədər nazik və yığcam saxlamaqdır.

Qatlanan iPhone ilə bağlı yayılan məlumatlar arasında istifadəçiləri məyus edə biləcək məqamlar da var.

Sızmalara əsasən, cihazda telefoto kamera olmayacaq. Bunun əvəzinə smartfonun arxa hissəsində əsas və ultra geniş bucaqlı obyektivdən ibarət ikili kamera sisteminin yerləşdirilməsi gözlənilir.

Bununla yanaşı, Apple-ın özünün maqnitli simsiz şarj və aksesuar ekosistemi olan MagSafe texnologiyasını da yeni modelə daxil edəcəyi ehtimal olunur.

Qatlanan ekranın çoxfunksiyalı istifadəyə imkan verəcəyi də gözlənilir. Belə ki, istifadəçilər ekranın iki hissəsində eyni vaxtda müxtəlif tətbiqlərdən istifadə edə biləcəklər.

Cihazın açıldıqda iPad-i xatırladan böyük ekrana sahib olmasına baxmayaraq, iPadOS deyil, iOS əməliyyat sistemi ilə işləyəcəyi bildirilir.

Apple-ın qatlanan smartfon bazarına daxil olması yalnız şirkətin özü üçün deyil, bütün sektor üçün əhəmiyyətli dəyişiklik yarada bilər.

Bu isə şirkətin yüksək qiymət siyasətinə baxmayaraq, qatlanan smartfon bazarında ciddi pay əldə edə biləcəyini göstərir.

Təqdimatda yeni iPhone 18 modellərinin də gündəmə gələcəyi gözlənilir. Lakin bu dəfə Apple-ın ənənəvi təqdimat strategiyasını dəyişə biləcəyi bildirilir.

Sızan məlumatlara görə, iPhone 18 Pro və Pro Max modelləri sentyabr tədbirində təqdim edilə bilər. Standart iPhone 18 modelinin isə daha sonra, təxminən altı ay sonra satışa çıxarılması gözlənilir.

Bu, "Apple" üçün əhəmiyyətli dəyişiklik olacaq. Çünki şirkət indiyədək əsas iPhone modellərini eyni təqdimat dövründə satışa çıxarmağa üstünlük verib.

Apple-ın təqdimatda yalnız iPhone-larla kifayətlənməyəcəyi də gözlənilir. Şirkətin süni intellekt imkanları genişləndirilmiş Siri ilə işləyən yeni HomePod modeli üzərində çalışdığı bildirilir. Apple-ın bu məhsulla Amazon Echo kimi ağıllı dinamiklərlə rəqabəti gücləndirməyə hazırlaşdığı ehtimal olunur.

Bundan başqa, gələcək AirPods modellərində kamera texnologiyasının tətbiqi ilə bağlı məlumatlar da yayılıb.

Beləliklə, sentyabrın 9-da keçiriləcək təqdimat "Apple" üçün adi iPhone yeniləməsindən daha böyük əhəmiyyət daşıya bilər. Xüsusilə ilk qatlanan iPhone-un təqdim edilməsi şirkətin smartfon bazarındakı strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.