Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Apple” korporasiyası 2026-cı ildə ilk qatlanan smartfonunu təqdim etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “The Information” şirkətdəki mənbələrə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, yeni “Apple” smartfonu “Samsung Galaxy Z Flip” kimi şaquli şəkildə qatlanacaq və bəzi flaqman “Android” smartfonları kimi dəyişkən diafraqmalı təkmilləşdirilmiş kameraya sahib olacaq. Açılan zaman cihazın hazırkı “iPhone” modellərinə bənzər ölçülərə sahib olacağı gözlənilir.
Nəşrin məlumatına görə, şirkət hazırda “Galaxy Z Fold” və “Z Flip” formatında qatlanan smartfonların iki prototipini hazırlayır. “Apple”ın yeni smartfona hansı adı verəcəyi məlum deyil, lakin şirkət ona “V68” kod adı verib.
Bununla belə, texnologiya nəhəngi tez-tez layihələri ləğv etdiyi üçün “Apple”ın qatlana bilən “iPhone”nun buraxılmasına hələ zəmanət verilmir. Təklif olunan model mağaza rəflərinə düşərsə, bu, 2007-ci ildə satışa çıxarılandan bəri “iPhone” dizaynında edilən ən radikal dəyişikliklərdən biri olacaq.
Qeyd edək ki, “Apple”ın növbəti təqdimatı bu ilin sentyabrında baş tutacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!