Müəllif:Ayşən İmanova/Banco.az
“Apple” hər il cihazlarının yeni versiyalarını buraxmağı dayandıra bilər.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg”in müşahidəçisi və tanınmış insayder Mark Qurman bildirib.
Onun sözlərinə görə, IT nəhəngi hər il öz məhsullarının yeni versiyalarını təqdim edir, lakin gələcəkdə şirkət məhsulları yalnız tam hazır olduqda buraxaraq daha çevik yanaşmaya keçə bilər. Ekspertin fikrincə, bu addım şirkətə daha keyfiyyətli və unikal məhsullar yaratmağa imkan verəcək.
Qurman qeyd edib ki, bütün cihazları hər il yeniləmək səmərəsizdir və “Apple” artıq “iPad”, “Apple Watch” və “MacBook” kimi bəzi məhsulların yeni versiyalarını nizamsız olaraq buraxır.
Bununla belə, “iPhone”, çox güman ki, ildə bir dəfə sabit sürətlə buraxılmağa davam edəcək.
Analitik onu da əlavə edib ki, cihazların illik buraxılışının öz üstünlükləri də var. Bu, həm yeni məhsulun nə vaxt hazır olması lazım olduğunu dəqiq anlayan işçilər üçün motivasiya, həm də investorlar üçün əminlikdir. Bu yanaşma ilə marketinq fəaliyyətlərini planlaşdırmaq asandır. Lakin onun fikrincə, “Apple” bu üstünlükləri ilə məhsullarının keyfiyyəti arasında balans tapmalı olacaq.