Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya nəhəngi "Apple" ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı yaranan sərt Çin gömrük nəzarətindən yayınmaq üçün Tayvanda yerləşən tədarükçülərdən məhsulların yarlığına “Çin istehsalı” yazılmasını xahiş edib. "Apple"ın bu qərarı bəzi şəxs və qurumların reaksiyasına səbəb olub.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, məhsulların yarlığında qeyd olunan "Tayvan istehsalı" yazısı Çin gömrük rəsmiləri tərəfindən aşkar edildikdə cərimələnməyə və hətta sifarişin ləğv edilməsinə yol aça bilir. Ancaq Tayvan hökumətinin qərarına görə isə məhsulların istehsal yerinin yarlığa dəqiq qeyd olunması zəruridir.
Digər tərəfdən, bəzi ekspertlər "Apple"ın Çinin tələblərini yerinə yetirməkdən başqa çarəsi olmadığına inanırlar. Çünki gələn ay keçiriləcək mətbuat konfransında elan edilməsi gözlənilən iPhone 14 modeli son istehsal mərhələsinə keçdiyi üçün tədarükdə mümkün gecikmələr şirkət üçün mənfi nəticələr doğura bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!