Məhkəmə Mərkəzi Bankın apellyasiya şikayətini təmin edib
Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edib və Mərkəzi Bankın apellyasiya şikayətini təmin edib. "Report"un verdiyi xəbərə görə, bu gün baş tutan iclasda məhkəmə kommersiya banklarının əleyhinə qərar verib.
Qeyd edək ki, aprelin 26-da Bakı Apellyasiya Məhkəməsində ləğv olunmuş "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin birləşməsi ilə bağlı qərara baxılmalı olsa da, məhkəmə iclası bu gün - mayın 10-na təxirə salınmışdı.
Bundan əvvəl də iddiaçı olan Mərkəzi Bankın bəzi funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsi ilə bağlı aprelin 15-də baş tutmalı olan Bakı Apellyasiya Məhkəməsinin iclası aprelin 26-dək təxirə salınmışdı.
"Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin birləşməsi şərti ilə "Atrabank"ın lisenziyasının bərpası ilə bağlı məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən razılıq verilsə də, Mərkəzi Bank bu qərardan apellyasiya şikayəti verib.
Xatırlıdaq ki, AMB İdarə Heyətinin 2016-cı il 27 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC-lərin bank lisenziyaları ləğv edilib. Lisenziyalarının ləğvindən sonra banklar birləşmə haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə "Günaybank" ASC-nin də iştirakı gözlənilsə də, daha sonra "Günaybank" birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb.