Müəllif:Ayşən İmanova/Banco.az
“Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos noyabrın 1-də şirkətinin böyük bir hissəsini sataraq bir gündə 3 milyard dollardan çox gəlir əldə edib.
Banco.az xəbər verir ki, bu barədə məlumat ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) statistikasında əksini tapıb.
Bildirilir ki, sahibkar 16 milyondan çox “Amazon” səhminin satışından əhəmiyyətli gəlir əldə edib. Bezos şirkətin səhmlərinin qiyməti tarixi maksimuma çatdıqdan sonra bu addımı atmağa qərar verib.
Ticarət həftəsinin son günündə sessiyanın sonunda “Amazon” birja kotirovkaları bir səhm üçün 197,93 dollara yüksəlib. Əvvəlki sessiyanın bağlanış səviyyəsi ilə müqayisədə artım 6,19 faiz təşkil edib. Daha sonra ticarət zamanı şirkətin qiymətli kağızlarının qiyməti pik həddinə - 201,2 dollara çatıb.
Səhmlərin belə bahalaşması şirkətin üçüncü rüb üzrə müsbət maliyyə hesabatı fonunda baş verib.
Beləliklə, Amerika texnologiya nəhənginin iyul-sentyabr aylarında əldə etdiyi gəlir bu müddət ərzində 11 faiz artaraq 158,9 milyard dollar təşkil edib.
Eyni zamanda şirkətin xalis mənfəəti 1,5 dəfədən çox artaraq 15,3 milyard dollar olub.
Qeyd edək ki, hazırda Bezos dünyanın ikinci ən zəngin adamıdır. Onun sərvəti 220 milyard dollar dəyərində qiymətləndirilir.