“AMCHAM CSR 2014 Excellence Award” müsabiqəsinin qalibi oldu | Banco.az

“AMCHAM CSR 2014 Excellence Award” müsabiqəsinin qalibi oldu

“Paşa Sığorta” “AMCHAM CSR 2014 Excellence Award” müsabiqəsinin qalibi olub.

Şirkətdən bildiriblər ki, “PAŞA Sığorta” şirkətinin 2014-cü ildə həyata keçirdiyi “Nümunəvi Sürücü” adlı layihə müsabiqənin “Təhsil” mükafat kateqoriyası üzrə “İctimaiyyətin maarifləndirilməsi” nominasiyasının qalibi adına layiq görülüb. Layihənin məqsədi Azərbaycanda yol hərəkəti iştirakçıları arasında yol mədəniyyətinin inkişafına təkan vermək, nəqliyyat vasitələri sahiblərini və piyadaları qanunlara riayət etməyə və bununla yol nəqliyyat hadisələrinin sayının azalmasına və əhalinin maarifləndirilməsinə xidmət etməkdir. “Nümunəvi sürücü” layihəsi çərçivəsində paytaxtın müxtəlif məkanlarında quraşdırılan gizli kameralar vasitəsilə piyada zolağını keçən piyadalara yol verən avtonəqliyyat vasitələri sahibləri qeydə alınıb və onların ünvanlarına təşəkkür məktubları göndərilib. Layihənin əhəmiyyəti yerli telekanalların birində işıqlandırılaraq geniş izləyici kütləsinə çatdırılıb, nümunəvi sürücülər barədə məlumatlar və fotoşəkillər müntəzəm olaraq layihənin rəsmi facebook səhifəsində işıqlandırılıb.

Qeyd edək ki, Amerika Ticarət Palatasının Azərbaycan nümayəndəliyi ötən il sentyabrın 15-də «AMCHAM CSR 2014 Excellence Award» müsabiqəsini elan edib. Müsabiqənin əsas məqsədi 2013-2014-cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlərin korporativ sosial məsuliyyət (KSM) proqramları çərçivəsində həyata keçirdikləri layihələrin ən yaxşılarının seçilməsi olub. 69 şirkət müxtəlif nominasiyalar üzrə müsabiqədə iştirak edib və 3 ay ərzində müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət münsiflər heyəti təqdim olunan layihələri diqqətlə təhlil edib. “Ətraf mühit”, “Təhsil”, “Korporativ filantropiya”, “Mədəniyyət”, “Dayanıqlılıq”, “Könüllü fəaliyyəti”, “İqtisadi dəstək” və “Bölgələrin inkişafı” kateqoriyalı nominasiyalar üzrə qaliblər elan edilib.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et