AmCham Azərbaycan: Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcıdır | Banco.az

AmCham Azərbaycan: Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcıdır

Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 10 fevral 2026-cı il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir.

Belə bir strateji sənədin imzalanması ikitərəfli münasibətlərdə xüsusilə son dörvlərdə əldə edilmiş uğurlu nəticələrin məntiqi davamıdır və hər iki hökumətin qarşılıqlı maraq doğuran əsas sahələr üzrə — iqtisadi inkişaf, regional bağlantılar, enerji təhlükəsizliyi, innovasiya və texnologiya istiqamətlərində əməkdaşlığın daha da gücləndirilməsinə sadiqliyini əks etdirir. Eyni zamanda bu sənəd region ölkələrinin suverenliyinə, regionun sabitliyi və uzunmüddətli inkişafına dəstəyin bir daha təsdiqi kimi çıxış edir.

AmCham Azərbaycan öz fəaliyyət dairəsindən yola çıxaraq xüsusilə Xartiyada iqtisadi əməkdaşlığın genişləndirilməsinə və sözügedən strateji tərəfdaşlığın həyata keçirilməsində özəl sektorun fəal iştirakına verilən önəmi yüksək qiymətləndirir. Biznes mühitinin daha da yaxşılaşdırılması, ticarət əlaqələrinin və investisiya qoyuluşunun artırılması, regional bağlantının gücləndirilməsi, habelə rəqəmsal və texnoloji sahələr də daxil olmaqla, innovasiyanın təşviqi kimi məqamlarla bağlı qarşılıqlı siyasi iradənin göstərilməsi beynəlxalq biznes ictimaiyyəti üçün olduqca mütərəqqi və müsbət siqnaldır.

ABŞ–Azərbaycan münasibətlərinin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki ölkənin biznes dairələri üçün uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi, proqnozlaşdırılabilənliyin artırılması və genişlənmiş ticarət, investisiya və özəl sektor tərəfdaşlığı üçün əlverişli mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq biznes ictimaiyyətinin aparıcı platforması kimi AmCham Azərbaycan sabitliyi, iqtisadi inteqrasiyanı, investisiyaların genişlənməsini, innovasiyanı və davamlı inkişafı təşviq edən təşəbbüsləri dəstəkləyir. İnanırıq ki, bu gücləndirilmiş strateji çərçivə biznes mühitinin daha da inkişafına və Amerika ilə Azərbaycan şirkətləri arasında strateji sektorlar üzrə yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəkdir.

AmCham Azərbaycan qətiyyətlə ifadə edir ki, ABŞ–Azərbaycan münasibətlərinin bu yeni mərhələsinin dəstəklənməsi istiqamətində dialoq, tərəfdaşlıq və konstruktiv əməkdaşlıq üçün etibarlı platforma kimi fəaliyyətini davam etdirəcəkdir.

Xartiyanın tam mətni ilə Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür:
https://president.az/az/articles/view/71553