AMB-yə ən çox şikayət edilən banklar bağlana bilərmi? - Elman Sadıqov cavabladı | Banco.az

AMB-yə ən çox şikayət edilən banklar bağlana bilərmi? - Elman Sadıqov cavabladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

 Azərbaycan Mərkəzi Bankı (AMB) aprel ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb.

Bankların  sözügedən reytinqinin hazırlanması yeni tətbiq olsa da,  bəzi ekspertlər sözügedən reytinqin bankların reputasiyasına ciddi zərər verdiyini bildirir . Digərləri reytinqin hazırlanmasını düzgün hesab edir.

Bəs bu reytinq göstəriciləri bankların bağlanmasına səbəb ola bilərmi?

Sualımıza cavab olaraq iqtisadçı Elman Sadıqov Banco.az-a bildirib ki, şikayətlərin çoxalması və reytinqin düşməsi birbaşa olaraq bankın bağlanma səbəbi ola bilməz:

“Bankın bağlanmasının müxtəlif səbəbləri var. Birinci səbəb odur ki, səhmdarlar hər hansısa bir səbəbdən öz bizneslərini davam etdirmək istəməyib, ya səhmlərini sata bilərlər, ya da bankın bağlanması haqqında qərar verilə bilər. Bunun nəticəsində də bank bağlanar.  Digər səbəblərdən biri odur ki, bank digər böyük bir bank tərəfindən satın alına bilər.  

Göstəriciləri kəskin şəkildə pisləşən bank  depozit axını ilə də qarşılaşarsa, öhdəliklərini yerinə yetirə bilməyəcəkdir. Bu halda  likvidlik pozulur, müştərilər tərəfindən ödənə bilməyən kreditlərin həcmi arta bilər. Müflis olan bankda kapital adekvatlığı pozulur.

Bildiyiniz kimi, bankların Mərkəzi Bankın tələb etdiyi minimum kapital tələblərini yerinə yetirmək öhdəliyi var. Tələb olunan kapitalı artıra bilməyən banklarda kredit portfeli pisləşir. Bu da  nəticədə kapitala təsir göstərir. Azalan kapitalı isə kompensasiya etmək lazımdır. Hazırda minimum məcmu kapital tələbi 50000000 manatdır. Əgər bank bu öhdəliyi yerinə yetirə bilməsə, nəticədə bağlana bilər”.

E. Sadıqov vurğulayıb ki, şikayətlərin artması bankın imicinə təsir göstərir.

Əgər, reytinq düşüb, şikayətlər artarsa, likvidlik pozularsa, bu bankın dolayı yolla bağlanma səbəblərindən biri olacaqdır. Çünki bu halda müştərilər həmin bankda olan hesablarını bağlamaq barədə düşünə bilərlər.

İqtisadçı Mərkəzi Bankın banklarla bağlı edilən şikayətlər əsasında hazırladığı reytinqi təqdirəlayiq hesab edir:

“Çünki bu zaman banklar məsuliyyət hiss edəcəklər. Müştəri şikayətlərinə qarşı daha həssas davranıb, çalışırlar ki, şikayətləri yerində həll etsinlər ki,  Mərkəzi Banka gedib çatmasın.

Eyni zamanda banklarda bu sahədə rəqabət hissi formalaşır. Onlar çalışırlar ki, elə işləsinlər ki, şikayət az olsun, ictimaiyyət arasında öz nüfuzlarını itirməsinlər. Ən az şikayət həm də yüksək nüfuz deməkdir. Bu da çox önəmlidir. Mərkəzi Bank tərəfindən atılan bu addım həm də şikayətlərin azalmasına səbəb olur”.

Elman Sadıqov qeyd edib ki, əgər bir bank reytinqdə axırıncı sıralarda qalırsa, mənfi hal hesab olunur. Bu isə o deməkdir ki, həll olunmayan problemlər var:

“Həll olunmayan problemlər dedikdə, prosedur, sistem, kadrlarla bağlı problemlər, eyni zamanda  xidmət keyfiyyəti, müştərilərin də şikayətləri nəzərə alınır. Bu baş verdikdə hər ay həmin bankın göstəriciləri çox aşağı olur. Bu artıq müəyyən bir siqnal deməkdir.  Mərkəzi Bankın ixtiyarı var  ki, ən azından bunun səbəblərini soruşub,  şikayətlərin mahiyyəti nədən ibarət olduğunu müəyyən edib, təhlil etsin.  Bəlkə şikayətlər oradakı kadrlarla bağlı deyil, digər məsələlərlə bağlıdır. Yəni ən azından bu reytinq ona da imkan verir ki, şikayətlərin, narazılıqların səbəbləri təhlil olunub, səbəblər aradan qaldırılsın.

Ümumiyyətlə, hər ay tərtib edilən reytinqdə bankın aşağıda olması da onun bağlanması kimi düşünülməməlidir. Əsas məsələ, bankın mövcud problemləri həll edib, müştəri, likvidlik itkisinin qarşısını almaqdır.  Əks halda  bank qarşıdakı ayları maliyyə çətinlikləri ilə üzləşə bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram