AMB sədrinin iqtisadçılarla görüşündə nə müzakirə edildi? | Banco.az

AMB sədrinin iqtisadçılarla görüşündə nə müzakirə edildi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dekabrın üçündə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov altı aylıq fasilədən sonra iqtisadçılar və ekspertlərlə yenidən görüşdü.

Görüşün təfərrüatları barədə Banco.az-a iqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli açıqlama verib.

Həmin müzakirələrdə çıxış edən Xalid Kərimli saytımıza bildirdi ki, AMB sədri ilə diskusiyya şəraitində keçirilən görüş  çox səmimi, produktiv, faydalı oldu:

“Mərkəzi Bankın sədri iqtisadçıların ona yönləndirdiyi suallara belə heç bir məhdudiyyət qoymadan mandatı çərçivəsində bəzən də vətəndaş kimi öz şəxsi mövqeyini bildirdi. 

Görüşdə növbəti həftələrdən gəlirlilik əyrisinin statistikasının yayılaması ilə bağlı müzakirələr də edildi.

Bildiyiniz kimi, gəlirlilik əyrisi statistikası çox faydalı indiqator sayılır. Dünyanın inkişaf etmiş ölkələrində demək olar bütün mərkəzi banklar bu məlumatı yayırlar.

Gəlirlilik əyrisi iqtisadiyyatda gəlirliliyin nə cür dəyişəcəyinə dair bazar iştirakçılarının gözləntilərini, faizin dəyişməsinə dair proqnozları əks etdirir.  Bankın 30 illik tarixində ilk dəfə yayımlanacaq bu statistika böhran vəziyyətinin müəyyənləşdirilməsi zamanı vacib  indikator rolunda çıxış edir”.

Xalid Kərimli daha bir mühüm məqamı da qeyd edərək vurğuladı ki, Mərkəzi Bank növbəti il üçün də indiki məzənnə rejimini saxlamaq niyyətindədir:

“AMB sədri bildirdi ki, hazırda valyuta bazarındakı vəziyyət çox qənaətbəxşdir. Taleh Kazımovun sözlərinə görə,  həm Mərkəzi Bankın ehtiyatları artır, həm də bankların vətəndaşlardan aldığı dolların həcmi satdığından çoxdur.  Valyuta bazarındakı yaxşı vəziyyətdən danışan AMB sədri vurğuladı ki, banklarda nağd alışlarında daha çox dollar alıblar. Görüşdə Mərkəzi Bankın banklararası bazarı yaratması və onun işləmə mexanizmləri və  nəticələri də müzakirə olundu”.