AMB: Dayanıqlı maliyyə taksonomiyaları ətraf mühit və sosial məqsədlər üçün mühüm vasitəyə çevrilib | Banco.az

AMB: Dayanıqlı maliyyə taksonomiyaları ətraf mühit və sosial məqsədlər üçün mühüm vasitəyə çevrilib

Qlobal iqlim dəyişikliyi ilə bağlı mübarizə fonunda dayanıqlı maliyyə taksonomiyaları investisiyaların ətraf mühit və sosial məqsədlərə uyğunlaşdırılmasında mühüm vasitəyə çevrilib.

 Bunu qurumun sədri Taleh Kazımov bildirib.

"Bu taksonomiyalar “dayanıqlı” təsnifatına uyğunluğu müəyyənləşdirərək investorlar, şirkətlər və aidiyyəti tərəflərə iqlim fəaliyyəti üçün kapitalın bölüşdürülməsi ilə bağlı əsaslı qərarlar qəbul etməyə kömək edir", - deyə o qeyd edib.

Xatırladaq ki, AMB 2022-ci ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəklədiyi Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin (DBMŞ) fəal üzvü kimi dayanıqlılıq sahəsində təşəbbüslər həyata keçirir. T.Kazımov əlavə edib ki, AMB milli və regional taksonomiyaların Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların müəyyənləşdirdiyi çərçivələrə uyğunlaşdırılmasını təklif edərək dayanıqlı maliyyəyə praktik, qlobal səviyyədə tanınan yanaşmanın təşviqini hədəfləyir.

Bir çox ölkə artıq dayanıqlı maliyyə taksonomiyalarını qəbul etsə də, hüquqi çərçivələr arasında uyğunluq olmaması müəyyən çətinliklər yaradır. Sədr vurğulayıb ki, müxtəlif standartların yaranması investisiya mühitində uyğunsuzluqlara və qlobal səviyyədə tanınan aktiv sinfinin yaradılmasına mane olur. Bu maneələri aradan qaldırmaq üçün vahid qlobal yanaşmanın tətbiqi zəruridir. Belə ki, bu yanaşma universal prinsipləri, tərifləri və göstəriciləri əhatə edərək iqlim maliyyəsinin səmərəli axınını və emitentlər üçün daha yaxşı maliyyə şərtlərini təmin edəcək.

Ən sərfəli kredit üçün müraciət et

T.Kazımov hər bir ölkənin xüsusi iqtisadi prioritetlərini və çağırışlarını nəzərə alan müştərək dayanıqlı maliyyə yanaşması tətbiq etməsinin çox vacib olduğunu bildirib. O, qeyd edib ki, AMB bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi və Beynəlxalq Dayanıqlı Maliyyə Platformasının Ümumi Çərçivə Taksonomiyası kimi beynəlxalq nailiyyətlərə əsaslanan bir həll yolu təklif edəcək, milli adaptasiyaya çevik yanaşmanı qorumaqla taksonomiyaların uyğunlaşdırılmasına kömək edən sistemin yaradılması üçün qarşılıqlı fəaliyyət və əməkdaşlığı təşviq edəcək.

T.Kazımov AMB-nin qarşılıqlı fəaliyyət imkanlarını genişləndirmək və dayanıqlı maliyyə sahəsində innovasiyaları təşviq etmək üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyini bildirib. O, bu yanaşmanın daha dərin və likvid bazarların yaradılmasına, eləcə də sıfır emissiya hədəflərinə töhfə verəcək yaşıl layihələrə yatırılan investisiyaların təşviq edilməsinə töhfə verəcəyi ilə bağlı əminliyini ifadə edib.

Sədr qeyd edib ki, AMB qlobal standartlarla yerli çeviklik arasında balans yaradan mərhələli yanaşmanı müdafiə edir. O, qurumun 70-dən çox inkişaf etməkdə olan ölkəni bir araya gətirən DBMŞ ilə qarşılıqlı fəaliyyət qabiliyyətini təşviq edən, həmçinin yerli kontekstləri və prioritetləri nəzərə alan təlimatlar hazırlanmasına töhfə verdiyini bildirib, AMB-nin dayanıqlı maliyyə taksonomiyalarına qlobal yanaşmanın tətbiqində və sıfır emissiyaya doğru irəliləyişin təmin edilməsində qərarlı olduğunu vurğulayıb.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et