İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil edib:
"Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunub, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalıb. İllik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi noyabrda illik əsasda 18.3%, o cümlədən enerji qiymətləri üzrə 23.9%, qeyri-enerji qiymətləri üzrə 4.6% enib".
Bizi sosial şəbəkələrdən izləyin!!