Ani Ödənişlər Sisteminin (AÖS) aylıq dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 1 milyard manatı keçib.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov bildirib.
Onun sözlərinə görə, qurum ödəniş bazarının inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirir: "Bu sahədə AÖS-in inkişafı diqqət mərkəzindədir. Onun genişləndirilməsi məqsədilə sektor iştirakçıları – banklar və fintex şirkətləri ilə birgə bir sıra layihələr həyata keçirilir. Bu layihələr müştərilər arasında köçürmələr, Ani QR (AzQR) ödənişləri, dövlət ödənişlərinin AÖS vasitəsilə həyata keçirilməsi, eləcə də hesablaşmaların sistem üzərindən aparılması istiqamətlərini əhatə edir. AÖS-ün inkişafı çərçivəsində QR ödənişlərinin genişləndirilməsi, fintech şirkətlərinin sistemə birbaşa və dolayı qoşulmasının təmin edilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, AÖS-in elektron kommersiya ödənişlərində tətbiqinin genişləndirilməsi planlaşdırılır. Digər mühüm istiqamətlərdən biri isə AÖS-in xarici ölkələrin analoji sistemləri ilə inteqrasiyasının təmin edilməsidir".
AMB rəsmisi əlavə edib ki, AÖS-ə qoşulmaq üçün yeni modellər formalaşdırılıb. "Bura birbaşa və dolayı qoşulma növləri daxildir. Fintexlər tərəfindən bu istiqamətdə müraciətlər artıq daxil olub və onların qoşulması müvafiq modellər əsasında təmin edilir. Hər bir qoşulma növünün özünəməxsus parametrləri və xüsusiyyətləri mövcuddur. Fintexlər də öz biznes modellərinə uyğun olaraq müvafiq qoşulma variantını seçir, lazımi inteqrasiyaları həyata keçirir və prosesi tamamladıqdan sonra əməliyyatlarını ani ödənişlər sistemi vasitəsilə icra edə bilirlər. Bu isə nəticə etibarilə fintexlərə daha çevik fəaliyyət göstərmək, xidmətlərini sürətləndirmək və müştərilərə daha operativ həllər təqdim etmək imkanı yaradır".
Report
