Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” şirkəti hibrid iş sistemini dayandırır.
Banco.az xəbər verir ki, “Amazon” gələn ildən etibarən işçilərinin 5 gün ofisə gəlməsini tələb edərək hibrid iş sisteminin sona çatacağını açıqlayıb.
“Amazon” Baş İcraçı Direktor (CEO) Endi Cessinin hibrid iş siyasətindəki dəyişikliklə bağlı işçilərə göndərdiyi ismarışı dərc edib.
Cessi işçilərin hazırkı həftədə 3 gün ofisdən işləməsi rejiminin ləğv ediləcəyini və Kovid-19 pandemiyasından əvvəl həyata keçirilən siyasətin geri qaytarılacağını bildirib.
2025-ci ildən etibarən işçilərin həftənin 5 günü ofisə gəlməsinin zəruri olacağını vurğulayan CEO komanda üzvlərinin ofisdə olduqları zaman daha yaxşı əməkdaşlıq etdiyini söyləyərək xəstəliklər və fövqəladə hallar kimi bəzi istisnaların da olacağını qeyd edib.
Cessi yeni iş rejiminin 2 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcəyi barədə məlumat paylaşıb.
Xatırladaq ki, “Amazon” 2023-cü ildə 3 günlük ofis sisteminə keçəcəyini elan etdikdən sonra bu qərar şirkət işçiləri tərəfindən etirazla qarşılanmış və onlar evdən işləməyə davam etməyi tələb etmişdilər.
Bizi sosial şəbəkələrdən izləyin!!