Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” üç il ərzində Böyük Britaniyaya 40 milyard funt-sterlinq investisiya qoyuluşunu təsdiqləyib.
Banco.az xəbər verir ki, İngiltərə Baş Nazirliyinin 10 nömrəli ofisindən və Ticarət Nazirliyindən verilən açıqlamada bildirilib ki, "Amazon" şirkəti Hull, Northampton və Şərqi Midlendlər bölgələrində dörd yeni logistika mərkəzi qurmaq üçün investisiya yatıracaq və bu obyektlərdə ümumilikdə 4 mindən çox yeni iş yeri yaradılacaq.
Açıqlamada qeyd olunub ki, sözügedən 40 milyard funt sterlinq həcmindəki investisiya ölkə üzrə 100-dən çox əməliyyat binasının yenilənməsi və genişləndirilməsini də əhatə edir.
İngiltərənin Baş Naziri Keir Starme, açıqlamada belə deyib:
“Amazon"un 40 milyard funt sterlinqlik investisiyası İngiltərə üçün daha bir böyük uğurdur və ölkəmizin biznes aparmaq üçün ən yaxşı yer olduğuna dair güclü bir etimad göstəricisidir. Bu, ölkənin hər yerində insanlar üçün real karyera imkanları, yeni bacarıqlar öyrənmək və ailələrini dəstəkləmək imkanı deməkdir.”
Maliyyə naziri Reyçel Rivz bu investisiyanı "İngiltərənin iqtisadi gücünə güclü bir təsdiq" adlandırıb, Ticarət naziri Conatan Reynolds isə investisiyanın yüksək ixtisaslı iş yerləri yaradacağını bildirib.
"Amazon" tərəfindən verilən açıqlamada da bildirilib ki, bu investisiya 2025–2027-ci illəri əhatə edəcək və İngiltərə iqtisadiyyatına əlavə 38 milyard funt sterlinq dəyərində töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda "Amazon"un İngiltərədə 75 min əməkdaşı var.
Bizi sosial şəbəkələrdən izləyin!!