“Alphabet” 100 illik istiqrazlar buraxmağı planlaşdırır | Banco.az

“Alphabet” 100 illik istiqrazlar buraxmağı planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın texnologiya nəhəngi və “Google”un ana şirkəti olan "Alphabet" 100 illik istiqraz buraxmağa hazırlaşır.

Bu, 1990-cı illərin sonlarından bəri texnologiya sektorunda ilk ultra uzunmüddətli borc satışı olacaq.

Banco.az xəbər verir ki, Bloomberg-ə danışan mənbələrin məlumatına görə, 100 illik istiqraz dörd digər tranşla birlikdə funt sterlinqlə buraxılacaq. Bu, eyni zamanda Alphabet-in ilk dəfə funt sterlinqlə istiqraz satışı olacaq. Qiymətləndirmənin 10 fevralda açıqlanacağı gözlənilir.

Oxşar addımı sonuncu dəfə 1997-ci ildə Motorola atıb. 100 illik istiqrazlar adətən hökumətlər və universitetlər kimi qurumlar tərəfindən buraxılır. Şirkətlər üçün isə texnoloji köhnəlmə və biznes modellərinin dəyişməsi riski səbəbindən bu cür uzunmüddətli borclanma nadir hallarda baş verir.

Mütəxəssislərin fikrincə, Alphabet-in bu addımı şirkətin süni intellekt sahəsində ambisiyalarını maliyyələşdirmək məqsədi daşıyır. Bildirilir ki, Alphabet-in 2026-cı ildə kapital xərcləri 185 milyard dollara qədər arta bilər.

Süni intellekt yarışında geri qalmamaq üçün texnologiya nəhənglərinin artan maliyyə tələbatı ultra uzunmüddətli borclanma alətlərini yenidən gündəmə gətirib. Alphabet-in bu addımı bazarlarda da maraqla qarşılanıb.