Müəllif: Tamara Mustafayeva, Banco.az
Mart ayında Almaniyada istehlak qiymətləri 2,3 faiz artıb.
Banco.az xəbər verir ki, Almaniyada inflyasiya mart ayında gözləniləndən daha çox yavaşlayaraq Avropa Mərkəzi Bankının (ECB) 2 faizlik hədəfinə yaxınlaşıb.
Statistika idarəsi istehlak qiymətlərinin mart ayında illik 2,3% artdığını bildirib. “Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçılar 2,4%-lik bir artım proqnozlaşdırmışdılar. Xüsusilə diqqətlə izlənilən xidmət xərclərində nəzərəçarpacaq bir azalma müşahidə edilib.
“Bundesbank”ın prezidenti Yoahim Nagel ötən həftə qiymətlərin nəzarət altına alınması məsələsində həddindən artıq nikbin olmağın düzgün olmadığını vurğulayaraq, növbəti siyasət addımı ilə bağlı hələ də açıq fikirli olduğunu bildirmişdi.
Onun italyan həmkarı Fabio Panetta da bazar ertəsi etdiyi çıxışında inflyasiya ilə mübarizənin hələ qazanılmadığını qeyd edərkən, ECB prezidenti Kristin Laqard qiymət sabitliyini təmin etməyin “gündəlik bir mübarizə” olduğunu vurğulayıb.
Bəzi yumşaq siyasət tərəfdarları inflyasiyanın azalması və Donald Trampın gömrük rüsumları səbəbindən iqtisadi fəaliyyətin risk altında olması səbəbilə hələ də əlavə faiz endirimini dəstəkləyirlər.
İnvestorlar bu il daha iki dəfə faiz endirimi olacağını və üçüncü bir endirim ehtimalının 50% olduğunu proqnozlaşdırırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!