Almaniya və Fransa 100 milyard avro dəyərində qırıcı təyyarə layihəsini ləğv ediblər | Banco.az

Almaniya və Fransa 100 milyard avro dəyərində qırıcı təyyarə layihəsini ləğv ediblər

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniya və Fransa hərbi fikir ayrılıqları və şirkətlər arasında kommersiya rəqabəti səbəbindən 100 milyard avroluq Yeni Nəsil Döyüş Təyyarəsi (FCAS) layihəsini ləğv etmək qərarına gəliblər.

Banco.az xəbər verir ki, Almaniya Xəbər Agentliyinin (DPA)  verdiyi məlumata görə, Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron ötən həftə Monteneqroda keçirilən Avropa İttifaqı (AB)-Qərbi Balkanlar Zirvə Görüşü çərçivəsində görüşüblər.

Liderlər aylarla davam edən çıxılmaz vəziyyətdən sonra qırıcı təyyarə layihəsinə son qoymaq qərarına gəliblər.

Müdafiə analitikləri bildiriblər ki, təxminən 100 milyard avro büdcəsi olan layihənin uğursuzluğu, onilliklər ərzində investisiya çatışmazlığından sonra Avropanın hərbi imkanlarını bərpa etməkdə üzləşdiyi  çətinlikləri bir daha ortaya qoyub.

Layihənin məqsədi təkcə yeni nəsil qırıcı təyyarə hazırlamaq deyil, həm də onu müşayiət edəcək silahlı və silahsız pilotsuz uçuş aparatlarından (PUA) ibarət inteqrasiya olunmuş döyüş şəbəkəsi yaratmaq idi.

Sistemin 2040-cı ildən etibarən Fransanın "Rafale", Almaniya və İspaniyanın "Eurofighter" təyyarələrini əvəz etməsi planlaşdırılırdı. Lakin, texniki xüsusiyyətlər, liderlik bölüşdürülməsi və sənaye daxilində əmək bölgüsü ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqları səbəbindən layihə ləğv olundub.