Müəllif:Mehin Qasımova,Banco.az
Almaniya 2025-ci ildə karbon emissiyalarının qiymətləndirilməsindən əldə etdiyi gəlirlə yeni rekorda imza atıb.
Banco.az xəbər verir ki, Almaniya Emissiya Ticarət Sistemi İdarəsinin (DEHSt) açıqladığı hesabata əsasən, karbon qiymətlərindən ümumi gəlir 21,4 milyard avroya çatıb. Bu göstərici 2024-cü ildə qeydə alınan 18,5 milyard avroluq əvvəlki rekordu üstələyib.
Gəlirlər iki əsas mənbə hesabına formalaşıb: Avropa İttifaqının Emissiya Ticarət Sistemi (AB ETS) və istiliklə nəqliyyat sektorlarını əhatə edən milli emissiya ticarət sistemi (nEHS). AB ETS çərçivəsində əldə olunan gəlir ötən illə müqayisədə 1,8 faiz azalaraq 5,4 milyard avro təşkil edib. Milli emissiya ticarət sistemindən əldə edilən gəlir isə 3 milyard avro artaraq 16 milyard avroya yüksəlib.
Hər iki sistem üzrə toplanan vəsait enerjiyə qənaət edən tikinti layihələrinin maliyyələşdirilməsi, sənayenin dekarbonizasiyası, hidrogen iqtisadiyyatının inkişafı və elektrikli nəqliyyat vasitələri üçün şarj infrastrukturunun qurulması məqsədilə İqlim və Keçid Fonduna yönəldilir. DEHSt-nin məlumatına görə, Almaniya 2008-ci ildən bu yana karbon qiymətlərindən ümumilikdə 100 milyard avrodan çox gəlir əldə edib.
Almaniyanın Agora Energiewende beyin mərkəzinin qiymətləndirməsinə əsasən, ölkədə karbon emissiyaları 2025-ci ildə əvvəlki illə müqayisədə cəmi 1,5 faiz azalaraq 9 milyon ton aşağı düşüb. Bu, əsasən binalar və nəqliyyat sektorunda iqlim texnologiyalarına keçidin ləng getməsi ilə izah olunur. Bununla belə, 1990-cı illə müqayisədə Almaniyada ümumi emissiyalar 49 faiz azalaraq 640 milyon ton səviyyəsinə enib.
