Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son illərdə Avropada baş verən iqtisadi dalğalanmalar Almaniyadan da yan keçməyib. Bu ölkədə sənaye istehsalı 2022-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə 0,7% azalıb. 2023-cü ilin iyul-sentyabr aylarında Almaniyanın ÜDM-i də 0,1% azalıb.
Ekspertlərin qənaətinə görə, ölkədə sənaye istehsalının aşağı düşməsi yüksək enerji qiymətləri, inflyasiya və qlobal iqtisadiyyatda tənəzzüllə əlaqələndirilir.
Vəziyyət barədə daha ətraflı Banco.az-a Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı Murad Calalov danışıb.
O bildirib ki, bir zamanların punktual iqtisadi qanunlarına görə tanınan Almaniya iqtisadi modeli artıq zəifləyib:
“Almaniya iki dəfə dünya müharibəsi keçirən bir ölkə olsa da 90-cı illərin sonlarından aparılan bütün genişmiqyaslı əmək saatları ardınca artan tələb və təklif fonunda 20 ildən artıq bir müddətdə milyonlarla iş yerinin yaranmasına, güclü iqtisadi artımın daha da çiçəklənməsinə kömək etdi.
Amma COVİD 19 pandemiyasından sonra dünyanın inkişaf etmiş ölkələrinə təsir edən dalğalar Almaniyadan da yan keçmədi. Daha sonra Rusiya-Ukrayna müharibəsi zəmnində baş verənlər, ayrı-ayrı kiçik ölkələr arasında olan böyük miqyaslı müharibə və terror hadisələri iqtisadiyyata ciddi təsir etdi.
Bildiyiniz kimi, Almaniyanın ixrac sektorunun əsasını maşın istehsalı, kimya sənayesi, avtomobil istehsalı, elektrotexnika təşkil edir. Bu ölkənin iqtisadi səmərəliliyinə birbaşa təsirini göstərir. Proqnozlara əsasən, 2024-cü ildə artıq hasilatın 15 faiz qədər azalacağı müəyyən olunub. Bu da onu göstərir ki, növbəti illərdə aşağı düşən xətt üzrə Almaniya iqtisadiyyatı hərəkət edəcək”.
Son illər Almaniya avtomobil sənayesinin Rusiya və Çin bazarına bir qədər uduzduğunu vurğulayan Murad Calalov düşünür ki, yenidən bərpa üçün müddət lazımdır:
“İqtisadiyyat hər yerdə Çində də aşağı bir nöqtəyə doğru getsə də, amma müəyyən zamandan sonra yüksələn xətt üzrə inkişafa davam edib. Hazırda Çin bazarı dünyaya elektrik avtomobilləri ilə sürətli giriş edib. Bu, Rusiya bazarına da ciddi təsir etdi. Maşın istehsalatında benzindən tutmuş avtomobilin detallarının hazırlanmasına qədər qənaət edilməyə başladı. Hətta bir çox detalların plastmasdan hazırlanması nisbətən iqlimi sərt keçən ölkələrdə idarəetmə zamanı onların əyləclərinin qırılmasına səbəb olsa da, bu Çinin bazarda yerinə ciddi təsir etmədi. Təbii ki, Almaniyanın maşın sənayesi də Çin bazarının inkişafından təsirləndi.
Almaniya dövləti dünyaya istər beyin, istərsə də avadanlıqlar baxımdan brend istehsal edən dövlətdir. Almaniya dünyaya SAP kimi bahalı bir proqramı kəşf etməklə bərabər həm də yayılmasına xidmət etdi. Amma məsələ ondadır ki, bütün bunları edən Almaniya dövləti olsa da, öz ölkəsində tətbiqi mexanizmində problemlər yaşayır”.
Ekspert qeyd edib ki, dünyanın öndə gedən ölkələrindən olan Almaniyada daxildə iqtisadi yeniliklərin tətbiqi fobiyasından əziyyət çəkir:
“Almaniya dünyaya SAP, NFT kimi layihələrin müəllifi olsa da, amma alman milləti bu həllərə narahatlıqla yanaşır. Dünyada əksər müqavilələri, pul köçürmə və s kimi işləri onlayn icra edən Almaniya əhalisinin pul investisiyası, köçürmələri, alqı-satqı və s aparılan işlərin həcmində nağdlaşdırmanın payı 42 faiz təşkil edir.Bu da daş dövrü təəssüratını yaradır. Səbəb də əhalinin inovasiya və yeniliklərə qarşı köhnə fikirdə olmasıdır. Bu gün Almaniya sənayesinin geriləməsinə səbəb nüanslardan ən birincisi də elə budur”.
Bizi sosial şəbəkələrdən izləyin!!