Almaniya çip istehsalına 2 milyard avro sərmayə qoyacaq | Banco.az

Almaniya çip istehsalına 2 milyard avro sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya hakimiyyəti ölkənin yarımkeçirici sənayesinin inkişafına təxminən 2 milyard avro sərmayə qoymaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Almaniya İqtisadiyyat Nazirliyi bu vəsaiti yarımkeçirici vaflilərin istehsalı və çiplərin yığılması da daxil olmaqla müxtəlif sahələrdə 10-15 layihəyə yatırmağı planlaşdırır.

Nazirlikdən bildirilib ki, vəsait çip istehsalçılarına mövcud istehsal səviyyələrini əhəmiyyətli dərəcədə üstələyən ən müasir istehsal müəssisələri yaratmaq üçün veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl İqtisadiyyat Nazirliyi çip istehsalçılarını subsidiyalar üçün müraciət etməyə çağırıb. Eyni zamanda agentlik qeyd edir ki, Almaniyada gələn ilin fevralına təyin edilmiş seçkilərdən sonra yeni hökumət büdcəni planlaşdırarkən çip istehsalının subsidiyalaşdırılması ilə bağlı fərqli qərar qəbul edə bilər.

Qeyd edək ki, Alman yarımkeçirici sənayesi ciddi böhranla üz-üzədir. Sentyabrda Amerikanın “Intel” korporasiyası ölkənin Maqdeburq şəhərində dəyərinin təxminən 30 milyard avro olacağı gözlənilən zavodun tikintisi layihəsini dayandırmaq niyyətində olduğunu açıqlamışdı. Bundan əlavə, “Wolfspeed” və “ZF Friedrichshafen” şirkətləri də Almaniyanın qərbində çip istehsal etmək planlarından imtina ediblər.