Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya 2025-ci il büdcə qanun layihəsini təsdiqləyib.
Banco.az xəbər verir ki, Almaniyanın Maliyyə Naziri və Kanslerin müavini Lars Klinkbayel Berlin paytaxtında keçirdiyi mətbuat konfransında Federal Məclisin ölkənin borc məhdudiyyətinin yumşaldılması və infrastrukturun yenilənməsi üçün 500 milyard avroluq xüsusi fondun yaradılmasına yaşıl işıq yandırmasından sonra nazirlərin 2025-ci il dövlət büdcəsi layihəsini və 2026-cı il büdcə çərçivəsini təsdiqlədiklərini bildirib.
Klinkbayel federal büdcə və 500 milyard avroluq investisiya paketi ilə "yeni iqtisadi güc yaratmaq, ölkəni modernləşdirmək, gələcəyə uyğun hala gətirmək və təhlükəsiz həyatı təmin etmək üçün" indi lazım olan addımları atdıqlarını vurğulayıb: “Bu il 115 milyard avrodan artıq rekord həcmdə investisiya planlaşdırırıq. 2029-cu ilə qədər federal hökumətin illik investisiyalarını təxminən 120 milyard avroya yüksəldəcəyik”, – deyə o qeyd edib.
Klinkbayel 2029-cu ilə qədər federal büdcənin əsas istiqamətini müəyyən etdiklərini bildirərək, “Ölkəmiz bir çox sahədə qənaət tədbirləri ilə zərərə uğradılıb. Bu vəziyyət dəyişməlidir. Ekskavatorların dərhal hərəkətə keçməsini istəyirik,” – deyə vurğulayıb.
Müdafiə xərcləri artacaq
Bu il üçün xərclərin 503 milyard avro olacağı proqnozlaşdırılan büdcədə gəlirlərin 421,2 milyard avro, investisiyaların isə 115 milyard avro olacağı gözlənilir. Layihədə 2025-ci ildə xalis borclanmanın 81,8 milyard avro olacağı, 2026-cı ildə isə bu rəqəmin 89,3 milyard avroya çatacağı proqnozlaşdırılır. Həmçinin 2026-cı ildə 123,6 milyard avro investisiya planlaşdırılıb.
Hökumətin büdcə istiqamətində 2029-cu ilə qədər ümumilikdə 847 milyard avro həcmində yeni borc emissiyası nəzərdə tutulur.
Bizi sosial şəbəkələrdən izləyin!!