Müəllif: Tamara Mustafayeva, Banco.az
Alman iqtisadiyyat institutları artım proqnozlarını yüksəldib.
Banco.az xəbər verir ki, mərkəzi Münhendə yerləşən "Ifo" Almaniya iqtisadiyyatına dair yaz aylarında açıqladığı və 2026-2028-ci illəri əhatə edən artım proqnozlarını yeniləyib.
"Ifo" tərəfindən verilən açıqlamada institutun Almaniyanın Ümumi Daxili Məhsulunun (ÜDM) artım proqnozunu bu il üçün 0,8 faizdən 1,4 faizə, 2027-ci il üçün isə 0,8 faizdən 1,2 faizə yüksəltdiyi bildirilib. 2028-ci il üçün isə 0,8 faizlik artım proqnozlaşdırılıb.
Açıqlamada infrastruktur, iqlim neytrallığı və müdafiə xərclərini əhatə edən maliyyə stimullarının bu il 40 milyard avroya, növbəti iki ildə isə müvafiq olaraq 27 milyard və 18 milyard avroya çatacağı qeyd olunub. Həmçinin sənaye və istehsal sektorunda sifarişlərin ilin əvvəlindən etibarən davamlı artması ilə qlobal iqtisadiyyatda bərpanın ixracla bağlı gözləntiləri yüksəltdiyi bildirilib.
Yaxın Şərqdəki müharibə səbəbindən artan enerji qiymətləri və çaylarda su səviyyəsinin rekord dərəcədə aşağı düşməsinin logistika xətlərində yaratdığı fasilələr iqtisadi bərpa üçün əsas risklər kimi önə çıxıb. Əmtəə qiymətlərindəki artımın istehlakçılara əks olunması səbəbindən inflyasiyanın bu il orta hesabla 2,8 faiz, gələn il isə 3 faiz olacağı gözlənilir. İnflyasiyanın yalnız 2028-ci ildə 2,3 faizə enərək Avropa Mərkəzi Bankının (ECB) hədəfinə yaxınlaşacağı proqnozlaşdırılır.
"Ifo"nun açıqlamasında demoqrafik amillər səbəbindən əmək təklifindəki azalmanın potensial iqtisadi artımı məhdudlaşdırdığı vurğulanıb. İşsizlik səviyyəsinin bu il orta hesabla 6,3 faiz olacağı, əmək bazarındakı bərpanın isə yalnız növbəti illərdə hiss ediləcəyi bildirilib. İşsizlərin sayının gələn il 2,8 milyona qədər azalacağı proqnozlaşdırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
