"Alfa Sığorta"da Ləğvetmə Komissiyası yaradılıb | Banco.az

"Alfa Sığorta"da Ləğvetmə Komissiyası yaradılıb

Lisenziyası ləğv olunmuş "Alfa Sığorta" ASC-nin ləğv edilməsi, onun öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə Şirkətdə Ləğvetmə Komissiyası yaradılıb. Bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi oktyabrın 12-də qərar qəbul edib.

Komissiya 5 nəfərdən ibarətdir. Bunlardan 3-ü Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Sığorta bazarına nəzarət Departamentinin əməkdaşları - Firdovsi Qasımov (Komissiyanın sədri), İradə Deystani və Sürəyya Məmmədova, 2-si isə "Alfa Sığorta"nın rəhbər şəxsləri - Şirkətin İdarə Heyətinin üzvü, eyni zamanda maliyyə direktoru Zahir Salahov, eləcə də baş mühasib Yuliya Sultanovadır.

Ən sərfəli kredit üçün müraciət et

Komissiya bu ayın sonuna qədər şirkətin aktivlərinin, o cümlədən öhdəliklərinin, bağladığı sığorta müqavilələrinin qiymətləndirilməsini başa çatdırmalı, indiyə qədər sığorta hadisəsi baş vermiş və kreditor kimi qeydiyyata alınmış müştərilərə kompensasiyanın birbaşa və yaxud portfelin başqa sığorta şirkətinə ötürülməsi yolu ilə ödənilməsinə qərar verməlidir.

Xatırladaq ki, MBNP "Alfa Sığorta"nın lisenziyasını avqustun 26-da ləğv edib. Buna səbəb onun 100% səhmdarı olan "Texnikabank" ASC-nin lisenziyasının ləğv olunmasıdır.

Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu kredit təşkilatının öhdəliklərini yerinə yetirmək üçün "Alfa Sığorta"nı satmağa qərar versə də, onu almaq istəyən olmayıb. Buna görə də sığorta şirkətinin lisenziyasının ləğv edilməsinə qərar verilib.

Mənbə: Report