Ailələrin kredit borcu yeni zirvədə | Banco.az

Ailələrin kredit borcu yeni zirvədə

Oktyabr ayının 1-nə olan məlumata görə Azərbaycanda cəmi kredit qoyuluşları 14 milyard 793 milyon 300 min manat təşkil edib. Bununda 38.5%-i (yeni rekord) və ya 5 milyard 688 milyon 900 min manatı  evtəsərrüfatlarına (istehlak kreditləri) verilib.

Bu, Mərkəzi Bankın saytında yerləşdirilmiş “Kredit qoyuluşlarının sahələr üzrə strukturu” adlı cədvəldən məlum olur.

Cədvəldən görünür ki, ilin əvvəlindən kredit qoyuluşlarında istehlak kreditlərinin xüsusi çəkisi 3,2 faiz bəndi artıb. Belə ki, ilin əvvəlində istehlak kreditlərinin kredit qoyuluşlarında xüsusi çəkisi 35,3% təşkil edirdi.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə ev təsərrüfatlarına verilən kreditlərin kredit qoyuluşlarında  xüsusi çəkisi 3% faiz bəndi artıb.

Ötən ilin oktyabr ayının əvvəli ilə müqayisədə ev təsərrüfatlarına verilən kreditlərin məbləği 1 milyard 646 milyon 400 min manat və ya təxminən 40,7%  çoxalıb.

Ev təsərrüfatına verilmiş kreditlərin 848,5 milyon manatı daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilib. Bu məqsədlə verilən kreditlərin məbləği son bir ildə 225,2 milyon manat və ya 36% artıb.

Ən sərfəli kredit üçün müraciət et

TİCARƏT VƏ XİDMƏTƏ VERİLƏN KREDİTLƏR AZALIR

Azərbaycanda kreditlərin ən çox verildiyi ikinci real sektor ticarət və xidmət sahəsidir. Bu sahəyə verilən kreditlər azalmağa doğru meyl edir. Belə ki, ötən ilin oktyabr ayı ilə müqaisədə ticarət və xidmət sektoruna verilən kreditlərin məbləği 548,7 milyon manat və ya 20% azalaraq  2 milyard 746 milyon 100 min manatdan 2 milyard 197 milyon 400 min manata düşüb. Həmçinin kredit qoyuluşlarında ticarət və xidmət sektoruna verilən kreditlərin xüsusi çəkisi 9,2% bəndi azalaraq 24,1%-dən 14,9%-ə enib.

İNŞAAT  VƏ ƏMLAK SEKTORUNA 2 DƏFƏ ÇOX KREDİT VERİLİB

Son bir il ərzində inşaat və əmlak sektorunada verilən kreditlər təqribən 2 dəfə artaraq  1 milyard 103 milyon 400 min manatdan 2 milyard 283 milyon 800 min manata yüksəlib. İnşaat və əmlak sektoruna verilən kreditlər kredit qoyuluşlarının 15,4%-ni təşkil edib, halbuki ötən ilin oktyabr ayının əvvəlində bu göstərici 9,7% təşkil edirdi.

Həmçinin sənaye və kənd təsərrüfatına verilən kredtlərin məbləği də artmaqdadır. Son bir il ərzində sənaye sektoruna verilən kreditlər  90%, kənd təsərrüfatına verilən kreditlər isə 35,5% artıb.Cəmi kredit qoyuluşlarının 2 milyard 283 milyon 800 min manatı sənaye sahəsinə (9,9%-i), 705.9 milyon manatı  (4,8%-i) kənd təsərrüfatına  verilib.

Nəqliyyat və rabitə sektoruna verilən kreditlər 17% artıb, energetika, kimya və  təbii ehtiyatlar sektoruna verilən kreditlər isə 8,7% azalıb.

 

 

 

 

 

 

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et