Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqına üzv ölkələrin liderləri Ukraynanın 2026–2027-ci illər üçün maliyyələşdirmə ehtiyaclarının Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilmədən, 90 milyard avroluq birgə kredit hesabına ödənilməsi barədə razılığa gəliblər.
Banco.az xəbər verir ki, Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsinin ardından mətbuat konfransında çıxış edən Avropa Şurasının prezidenti Antonio Kosta bildirib ki, bu vəsait Aİ büdcəsinin zəmanəti ilə Ukraynaya kredit şəklində veriləcək. Onun sözlərinə görə, Ukrayna bu krediti yalnız Rusiyanın müharibə təzminatı ödəməsindən sonra geri qaytaracaq.
Kosta həmçinin Aİ liderlərinin Rusiyaya qarşı sanksiyaların yenilənməsi barədə razılaşdıqlarını açıqlayıb. O vurğulayıb ki, Rusiyanı danışıqlar masasına gətirməyin yeganə yolu Ukraynanı siyasi və maliyyə baxımından güclü saxlamaqdır.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də Ukraynanın növbəti iki il üçün təcili maliyyə ehtiyaclarının təmin edildiyini təsdiqləyib. O qeyd edib ki, üzv dövlətlər kapital bazarlarından birgə borclanma yolu ilə 90 milyard avro cəlb edəcək, bu müddətdə isə Rusiyanın dondurulmuş aktivləri toxunulmaz qalacaq.
Zirvə çərçivəsində Aİ–MERCOSUR azad ticarət sazişinin imzalanmasının da təxirə salındığı açıqlanıb. Fon der Leyenin sözlərinə görə, üzv dövlətlər arasında bəzi məsələlərin razılaşdırılması üçün əlavə vaxt tələb olunur.
Qeyd edək ki, Avropa Komissiyası əvvəllər Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kredit üçün girov kimi istifadə olunması imkanını nəzərdən keçirsə də, bəzi üzv ölkələrin hüquqi və maliyyə riskləri ilə bağlı etirazları səbəbindən bu variant reallaşmayıb.
