Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) süni intellektlə bağlı ilk hüquqi qüvvəyə malik beynəlxalq müqaviləni imzalayıb.
Banco.az xəbər verir ki, Aİ Komissiyası dünən Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Şurası ədliyyə nazirlərinin qeyri-rəsmi konfransında süni intellekt üzrə Avropa Şurasının Çərçivə Konvensiyasının imzalandığını açıqlayıb.
Bəyanatda imzanın Aİ adından Komissiya tərəfindən atıldığı vurğulanıb. Bildirilib ki, saziş süni intellektlə bağlı hüquqi qüvvəyə malik ilk beynəlxalq müqavilədir.
Müqavilə Aİ-nin hərtərəfli süni intellekt qaydalarına tam uyğundur və o, süni intellekt sistemlərinin insan haqları, demokratiya və qanunun aliliyinə uyğun olmasını təmin etmək üçün ümumi yanaşma təmin edəcək.
Bildirilib ki, müqavilə Aİ-nin süni intellekt qanununa daxil olan risk əsaslı yanaşma, süni intellekt sistemlərinin dəyər zənciri boyunca şəffaflıq və yüksək riskli süni intellekt sistemləri üçün əlavə öhdəliklər kimi əsas anlayışları ehtiva edir.
Xatırladaq ki, Avropa Şurası bu ilin mayında süni intellektlə bağlı ilk beynəlxalq konvensiyanı qəbul edib.
Bizi sosial şəbəkələrdən izləyin!!