AI startapı Mercor-un dəyəri 20 milyard dollara çata bilər | Banco.az

AI startapı Mercor-un dəyəri 20 milyard dollara çata bilər

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellekt modellərinin təlimi sahəsində fəaliyyət göstərən ABŞ startapı "Mercor" yeni maliyyələşdirmə raundunda şirkətin dəyərinin 20 milyard dollara çatdırılması üçün investorlarla danışıqlar aparır.

Banco.az xəbər verir ki, bu, şirkətin ötən ilin oktyabrında 350 milyon dollarlıq C Seriyası investisiya cəlb etdiyi və 10 milyard dollar dəyərində qiymətləndirildiyi mərhələ ilə müqayisədə ikiqat artım deməkdir.

Mercor-un təsisçisi və baş icraçı direktoru Brendan Fudi bildirib ki, şirkətin illik gəliri 2 milyard dolları ötüb. Onun sözlərinə görə, bu göstərici cəmi dörd ay əvvəlki səviyyə ilə müqayisədə 100% artım deməkdir.

Şirkət, həmçinin süni intellekt agentlərinin təlimi üzrə ixtisaslaşan "Deeptune" startapını satın aldığını açıqlayıb. Məlumata görə, satınalma çərçivəsində Deeptune-un bütün komandası Mercor-a qoşulacaq.

Analitiklər hesab edirlər ki, gəlirlərdəki sürətli artım, yeni satınalma və planlaşdırılan maliyyələşdirmə raundu Mercor-un investorlar qarşısındakı mövqeyini daha da gücləndirir.

Qeyd edək ki, şirkət bu ilin əvvəlində məlumat sızması və bəzi müqaviləli əməkdaşların hüquqi iddiaları ilə gündəmə gəlmişdi. Bununla belə, son göstəricilər Mercor-un həmin çətin dövrü geridə qoyduğunu göstərir.